Böyük Britaniyanın terrorla mübarizə polisi iyulun 31-də bildirib ki, Kiprdə saxlanılan Böyük Britaniya və Azərbaycan vətəndaşı Rəşad Sultanov İrana casusluq etməkdə ittiham olunur.
London Terrorla Mübarizə Polisinin məlumatına görə, 44 yaşlı R.Sultanov Britaniyanın Kiprdə yerləşən Akrotiri Hərbi Hava Qüvvələri bazasını İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) xeyrinə gizli şəkildə izləməkdə ittiham edilir. O, hazırda Birləşmiş Krallığa ekstradisiya olunmasını gözləyir.
Britaniyanın rəsmi qurumları iddia edir ki, Sultanov giriş məhdudlaşdırılmış hərbi bazadan kəşfiyyat xarakterli məlumatlar toplayaraq SEPAH-a ötürüb.
Sultanovun Kiprdə saxlanılması barədə hələ ötən il məlumat yayılmışdı; iyulun 31-də verilən rəsmi açıqlama isə Britaniya tərəfinin onun barəsində irəli sürdüyü ittihamlar və krallığa ekstradisiya tələbi ilə bağlıdır.
Akrotiri bazası ABŞ ilə İran münaqişəsi zamanı dron hücumlarına məruz qalmışdı.