Avqustun 14-də Kievdə prezident aparatı qarşısnda polislə millətçilər arasında toqquşma olub. Məlumata görə, "Təslim olmağı dayandır" şüarı ilə keçirilən aksiyada polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Bu barədə Azadlıq Radiosunun Ukrayna xidməti məlumat yayıb.
Aksiya "Milli Korpus" sağçı radikal hərəkatın da daxil olduğu bir sıra ictimai təşkilatlar tərəfindən təşkil edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbir iştirakçılarının hökumət binasına yaxınlaşmazdan əvvəl yoxlamadan keçməkdən imtina etməsi polislə qarşıdurmaya səbəb olub.
Fəallar polisə avtomobil təkərləri atıblar, məşəllər yandırıblar. Yayılan rəsmi məlumatda yeddi polisin gözündən yanıq xəsarəti aldığı, bir neçə Milli Qvardiya zabitininsə yaralandığı bildirilir. Toqquşmalardan sonra fəallar Ukrayna Prezidenti Vladimir Zelenskinin yaşadığı evə doğru yürüş ediblər.
İştirakçılar, ölkənin Donbasda sülhün həyata keçirilməsinə və ilhaq edilmiş Krıma su verilməsinə dair Minsk razılaşmalarının yerinə yetirilməsinə qarşı çıxırlar. Təşkilatçıların sözlərinə görə, aksiyada dörd min insan iştirak edib.