Keçmiş icra başçısının istintaqı yekunlaşıb

Nizaməddin Quliyev

Həbsdə olan sabiq icra başçılarından Nizaməddin Quliyevin işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsində gedən araşdırmalar yekunlaşıb.

Ötən ilin dekabrından həbsdə olan Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarovun işi artıq məhkəməyə göndərilib.

Onların haqqındakı cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində (cinayət törədildiyi iddia olunan yer – Ağstafa bu məhkəmənin yurisdiksiyasına daxildir), Məhəmməd Bağırovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

Məhkəmədən AzadlıqRadiosuna bildirilib ki, sabiq məmurların işi üzrə məhkəmənin ilkin iclası yanvarın 19-na təyin edilib.

Nizaməddin Quliyev və Ramiz Tatarova qarşı CM-in 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

Ağstafadan öncə Goranboy rayonunun icra başçısı olmuş Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov 2019-cu ilin dekabrında həbs olunublar.

İcra başçılarının silsilə həbsi Ağstafadakı əməliyyatla başlamışdı. Ötən bir il ərzində DTX Ağstafa ilə yanaşı, Yevlax, Neftçala, Biləsuvar, Kürdəmir, İmişli, Cəlilabad rayonlarında da əməliyyatlar keçirib və icra başçıları həbs olunub. Onlara qarşı da eyni ittihamlar irəli sürülüb.

Həbsdəki icra başçıları və ya vəkillərinin bu ittihamlara münasibəti məlum deyil.