İmperiyanın sonu

İyun, 1979: Papa II İohan Pavel vətəni Polşaya səfər etdi. Polşa tarixində görünməmiş böyük izdiham onu görməyə meydana toplaşdı. O, ölkənin kommunist rəhbərlərini birbaşa tənqid etməkdən çəkinir. Ancaq diqqətlə düşünülmüş, insanların "ayrılmaz hüquqlarından" söz açan nitqləri Polşada müqavimət ruhunu gücləndirməyə kömək edir. Bir neçə ay sonra Qdansk şəhərində güclü antisovet rəhbərliyə malik "Solidarnosc" ("Həmrəylik") həmkarlar ittifaqı yaradılır. Cəmi bir ilin içində onun üzvlərinin sayı 10 milyona çatır.

Sentyabr, 1983: ABŞ-dan Seula gedən, göyərtəsində 269 sərnişin və ekipaj üzvü olan Koreya Hava Yollarının 007-ci reysi ilə uçan təyyarə səhv nəticəsində sovet hava məkanına daxil olur. Sovet rəhbərliyi onun ABŞ-a məxsus casus təyyarəsi olmasından şübhələnir. Bir neçə dəfə verilən xəbərdarlığa cavab gəlməyəndən sonra, Su-15 qırıcı-tutucu təyyarəsinin pilotu Gennady Osipovich Boeing 747 istiqamətində istiliyə həssas raket buraxır. Məhv olmuş təyyarənin qalıqları Yapon dənizinə tökülür. Təyyarədəkilərin hamısı həlak olur.

Mart, 1985: Bu şəkildə ABŞ prezidenti Ronald Reagan-la salamlaşan Mikhail Gorbachev Sovet İttifaqı Kommunist Partiyasının Baş Katibi olur. Yeni rəhbər Sovet İttifaqına daha açıq və demokratik gələcək vəd edir. Bundan öncə də belə bəyanatlar səsləndiyindən çox az adam dəyişikliyə inanır. Ancaq bu dəfə hər şey həqiqidir.


 

1986: Dünya bazarında neft qiymətləri iflasa uğrayır. Bir barreli 27 dollar olan neft 10 dollara düşür. SSRİ artıq müttəfiq dövlətlərin ölümcül iqtisadiyyatlarını dəstəkləyə bilmir.

Aprel, 1986: Çernobıl nüvə fəlakəti: Kiyevdən şimalda yerləşən atom elektrik stansiyasında adi yoxlamanın səhv gedişi ucbatından 4 saylı reaktorda partlayış baş verir. Gorbachev-in aşkarlıq (qlasnost) siyasətinə baxmayaraq, köhnə vərdişlərdən qurtulmaq çətindir. Kremlin günlərlə susduğu müddətdə radioaktiv toz yağışı Avropanın üzərinə yağır.


 

May, 1987: "Qəribə" yeniyetmə Mathias Rust Helsinkidən kirayəyə götürdüyü "Cessna"da havaya qalxaraq SSRİ-yə tərəf uçur. Təcrübəsiz alman pilotu özü də bilmədən sovet qırıcı təyyarələrinin gözündən və radardan yayınaraq Kremlin qarşısında yerə enir. O, Gorbachev-lə dünyada sülh barədə danışmağa ümid edirdi. Gorbachev bu hadisədən sonra islahatlara qarşı çıxan ordunu təmizləməyə başlayır.


 

Dekabr, 1988: Ermənistanda zəlzələ baş verir. 20 saniyədən az vaxt ərzində bütöv çoxmərtəbəli yaşayış binaları parça-parça oldu. Bəzi yaşayış binalarının tikintisində istifadə olunan metal armaturlar oğurlanaraq qara bazarda satılıbmış. Qərbdən yardım qəbul edilir. Ancaq xilasedici və tibbi avadanlığın çoxu bürokratik dolanbaclarda ilişib qalır və heç zaman fəlakət yerinə gəlib çıxmır. 30 mindən çox insan həlak olur.


 
 

Fevral, 1989: Doqquz il Kabildə kommunist hökuməti dəstəkləmək üçün vuruşan sovet ordusu Əfqanıstandan çıxır. Ordunun çıxışı məharətlə "səhnələşdirilsə" də, güllər və alqışlar "məğlubedilməz" sovet ordusunun məğlubiyyət şokunu gizlədə bilmir. Bu münaqişədə 15 minədək sovet əsgəri, 1 milyondan artıq mülki əfqan vətəndaşı həyatını itirib.

Aprel, 1989: Tbilisi faciəsi. Sovet ordusu müstəqillik tələb edən nümayişçilərə qarşı sinir qazı və tanklarla hücum edir. Nəticədə 20 nəfər həyatını itirir. 16 yaşlı qız uşağı döyülərək öldürülür. 1989-cu il SSRİ üçün fəlakətlərlə yadda qalır. Polşa, Macarıstan, Şərqi Almaniya, Bolqarıstan, Rumıniya və Çexoslovakiyada Sovet İttifaqının qurduğu kommunist rejimlər süqut edilir.

Noyabr, 1989: Berlin divarının çöküşü. Mətbuat konfransı zamanı Şərqi Almaniya rəsmisinin buraxdığı səhv nəticəsində elə təsəvvür yaranır ki, Şərqlə Qərb arasında sərhədlər açıqdır. Kütlə marağından küçələrə axışır. Minlərlə həyəcanlı berlinli ilə qarşılaşan sərhədçilər çaxnaşmaya düşərək silahlarını endirir, insanları buraxırlar. Kütlənin sayı o qədər artır ki, tezliklə divar dağıdılır.


 

Dekabr, 1989: Rumıniyada inqilab. Hökumətə etiraz edən nümayişçilərin öldürülməsindən sonra kommunist lideri Nicolae Ceausescu çıxış edərək insanların ona və arvadına "bağlılığını" göstərməyə çalışır. Əslində isə xalq onların hər ikisinə nifrət edirdi. Canlı yayımlanan müraciət zamanı kütlənin istehzalı gülüşü hər şeyə qadir olan tiranı çaşqın ahıl kişiyə döndərir. İnsanların küçələrə axışdığı vaxtda Ceausescu-lar helikopterlə qaçmağa çalışır. Tezliklə ələ keçən diktator və arvadını atıcı dəstə edam edir.


 

Yanvar, 1990: Qafqazda etnik məsələlərlə birgə, müstəqillik hərəkatları da baş qaldırır. Azərbaycanın küçələrində baş vermiş iğtişaşlarda 90-a qədər erməni qətlə yetirilir, bəziləri işgəncələrlə öldürülür. Sovet qoşunları xəbərdarlıqsız ölkəyə girərək 100 azərbaycanlını qətlə yetirir. Nəhəng izdiham həlak olanların dəfni üçün küçələrə axışır (fotoda).


 

Yanvar, 1991: Litvalılar müstəqillik tələb edirlər. Ancaq Gorbachev qəti şəkildə Baltik dövlətlərinin SSRİ-nin tərkibindən çıxmasına yol verməyəcəyini deyir. Gərginlik artır. Sovet ordusunun hərbi maşınları Vilnüsə daxil olur. Bu qoşunlar arasında DTK-nın (KQB) atıcı dəstəsi də var. Onun gəlişi gizli saxlanılır. 13 mülki şəxs öldürülür, bir nəfər ürək tutmasından keçinir. Bir KQB işçisi ehtiyatsızlıqdan açılmış atəşdən ölür. O zamana aid qara lətifədə deyilir ki, Gorbachev-in "perestroyka"sı (yenidənqurma) "perestrelka"ya (atışma) çevrilir

Avqust 1991: Moskvada KQB və ordudakı mühafizəkarlar dağılmaqda olan sovet hakimiyyətini qoruyub saxlamağa çalışırlar. Vətəndaş toqquşması yaşanır. Krımda məzuniyyətdə olan Gorbachev tutulur. Tanklar parlament binası olan Ağ Evi mühasirəyə alırlar. Yeltsin Ağ Evin içindədir. İnsanlar qiyama dirənməkdən ötrü küçələrə axışanda əsgərlər təslim olur və çevriliş baş tutmur. Yeltsin-in nüfuzu artır, Moskvaya qayıdaraq qalib kommunist ritorikası ilə danışan Gorbachev baş verənlərdən xəbərsiz görünür.

Dekabr, 1991: Gorbachev mövcudluğu sona çatmış ölkənin prezidentliyindən istefa verir. Qərbdə öz ölkəsindən daha populyar olan, 1990-cı ilin Nobel Sülh Mükafatı laureatı sonadək kommunizmə inanıb. Ancaq gerçəkləşdirməyə çalışdığı islahatlar onun nəzarətindən çıxıb.