Mayın 11-də Azərbaycan ordusunun iki hərbi qulluqçusu Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlikdən bildirilib ki, xəsarət alan hərbçilər yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib: "Yaralıların vəziyyəti stabildir və hazırda hərbi tibb müəssisəsində müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır".
Xəsarət alan hərbçilərin yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.
Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, 10 noyabr 2020-ci il tarixli atəşkəs bəyanatından sonra ölkənin 70-dən çox vətəndaşı minaya düşərək həlak olub, 350-dən çox şəxs isə müxtəlif xəsarətlər alıb. Onların bir qisminin hərbi qulluqçu olduğu bildirilir.
Rəsmi qurumlar dəfələrlə vurğulayıb ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritələrini verməkdən imtina edir. Sonradan Azərbaycanda saxlanılan erməni hərbçilərinin bir hissəsinin geri təhvil verilməsi müqabilində bir sıra rayonların mina xəritələrinin alındığı bildirilib. Bununla belə, Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğulayıblar. Buna cavab olaraq Ermənistanın baş naziri bəyan edib ki, əllərində olan bütün xəritələr Azərbaycana verilib.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı yeddi rayonu (o cümlədən Kəlbəcər) işğal edilib.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Elə bundan sonra Qarabağdan erməni əhali köç edib.
Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanmış mətndə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.