'Kəlbəcərdə mövqelər yenidən atəşə tutulub'

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakı da, Yerevan da sərhəd üçün SSRİ xəritəsinə razıdır. Amma mübahisə qalır: hansı ilin xəritəsi?

Azərbaycan Kəlbəcər rayonu istiqamətində yenidən mövqelərinin atəşə tutulduğunu bildirib.

Bununla bağlı fevralın 11-də, səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi (AMN) açıqlama yayıb.

Açıqlamada vurğulandığına görə, fevralın 11-i saat 08:50-dən 09:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Nazirlik qeyd edir ki, bölmələri cavab tədbirləri görüb: "Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".

Amma bu məlumata, hələlik, qarşı tərəfin münasibəti bəlli deyil.

+++

Ermənistanın Müdafiə Nazirliyi isə atəşkəsi pozması haqda Azərbaycan tərəfin məlumatını “dezinformasiya” adlandırıb.

Nazirlik Ermənistan-Azərbaycan sərhədində vəziyyətin nisbi sabit, Ermənistan Silahlı Qüvvələrinin tam nəzarəti altında olduğunu bildirib.

'Kəlbəcər istiqamətində mövqelər atəşə tutulub'

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirir ki, Kəlbəcər rayonu istiqamətində mövqeləri atəşə tutulub.

Nazirliyin vurğulamasına görə, fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə məruz qoyub.

AMN qeyd edir ki, bölmələri cavab tədbirləri görüb: "Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".

Bu məlumata qarşı tərəfin münasibəti, hələlik, bəlli deyil.

İstər bu iki ölkənin sərhədində, istərsə də Dağlıq Qarabağda vaxtaşırı atəşkəsin pozulması ilə bağlı məlumatlar yayılır. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini günahlandırırlar.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.