Rusiyada keçmiş məmur Ermənistan konsulluğunda ölü tapılıb

Ermənistanın Sankt-Peterburqda konsulluğu

"Rosreyestr" və "Rosimuşestvo"da müxtəlif vəzifələrdə çalışmış Boris Avakyan Ermənistanın Sankt-Peterburqdakı konsulluğunda ölü tapılıb. O, bir gün əvvəl Kronştadt rayon Məhkəməsindən qaçmışdı.

İlkin məlumatlarda intihar versiyasından söz açılır.

Media Avakyanın tualetə qapandığını yazır. Konsulluq əməkdaşları fövqəladə hallar və təcili tibbi yardımı çağırıblar. Xilasedicilər qapını açanda keçmiş məmur huşsuz vəziyyətdə olub. Həkimlər onun öldüyünü təsdiqləyiblər.

Ermənistan vətəndaşı olan Avakyan 4 milyard rubldan çox məbləğdə gömrük rüsumlarının ödənilməsindən yayınma işi üzrə ittiham olunurdu. Digər təqsirləndirilənlər arasında "Cartier" butikinin keçmiş sahibi, işadamı Dmitri Zarubin, daha 18 nəfər də var.

İş üzrə məhkəmə 2024-cü ilin aprelində başlayıb. Avqustda Avakyan Müdafiə Nazirliyi ilə Kremlin Ukraynadakı təcavüzkar müharibəsində iştirak üçün müqavilə imzalayıb. Bu səbəbdən iş üzrə icraat müvəqqəti dayandırılıb, o, həbsdən buraxılıb. Sonradan isə cəbhəyə getməkdən yayındığı üçün proses bərpa olunub.

Avakyan sentyabrın 23-də barəsində qətimkan tədbiri seçilmək üçün məhkəməyə aparılıb. O, fasilə vaxtı məhkəmə binasından qaçaraq Ermənistan konsulluğuna sığınıb. Avakyan ekstradisiya üçün müraciət etmək istədiyini bildirib. Amma o, Ermənistanda da sərhədi qanunsuz keçmək və çirkli pulların yuyulması ittihamları ilə axtarışda olub.

Avakyanın vəkili "Mash"a deyib ki, müvəkkili onunla sonuncu dəfə yerli vaxtla saat 02:30-da əlaqə saxlayıb. Vəkilin sözlərinə görə, onlar gələcək strategiyanı müzakirə ediblər və Avakyanın səsi ona kədərli gəlməyib.

"Baza" yazır ki, ilkin məlumatlara görə, Avakyan Ermənistan tərəfinin Rusiya istintaq orqanları ilə əməkdaşlığa razılıq verməsindən sonra belə bir addıma qərar verib.

Ermənistanın Baş Konsulluğu fəaliyyətini dayandırıb, vətəndaşların qəbulu sentyabrın 25-dən bərpa olunacaq.