Moskvanın Zamoskvoretski məhkəməsi müxalifətçi, şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparovu terrorçuluğun əsaslandırılması işi üzrə qiyabi həbs edib. Kasparovun həbsi ilə bağlı məhkəməyə istintaq orqanı vəsatət verib. O, Rusiyada saxlanıldığı, yaxud ölkə ərazisinə ekstradisiya edildiyi andan qətimkan tədbiri qüvvəyə minəcək. Kasparov 10 ildir xaricdə yaşayır.
Onun ittiham olunduğu maddə üzrə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. İttihamın detalları bəlli deyil, amma Kasparovun Ukraynanı dəstəkləyən bəyanatları ilə bağlı ola biləcəyi ehtimalı var.
Artıq ikinci dəfədir Rusiya məhkəməsi Kasparovu qiyabi həbs edir. 2024-cü ilin aprelində Sıktıvkar məhkəməsi onun terror qrupu yaratmaq işi üzrə qiyabi həbs qərarı çıxarıb. Söhbət Kasparovun fəal iştirak etdiyi "Azad Rusiya Forumu"ndan gedir. Daha öncə isə o, "xarici agentlər" reyestrinə salınıb.
H.Kasparov 15 ildən çox şahmat üzrə dünya çempionu olub. Son illər rəsmi turnirlərə qatılmır. Amma gənc idmançıları, həmçinin Ukraynadan olan şahmatçıları dəstəkləyir. Kasparov siyasi fəaliyyət və publisistika ilə məşğuldur, Ukraynanı açıq dəstəkləyir. O, Donald Tramp administrasiyasını Rusiya ilə əməkdaşlıqda suçlayır və kəskin tənqid edir. Co Bayden administrasiyasını isə Ukraynaya yetərincə yardım göstərmədiyini deyərək tənqid edirdi.
Yaxınlarda Kasparov ilə digər müxalifətçi Vladimir Kara-Murza arasında AŞPA-da Rusiya müxalifətinin platformasının formalaşdırılması ilə bağlı mübahisə düşüb. Kara-Murza Kasparovun onu təhqir etdiyini deyərək Antimüharibə Komitəsindən çıxıb. Kasparov isə söhbətin siyasi fikir ayrılıqlarından getdiyini deyib.
Buna da bax: Kasparovla Kara-Murza niyə dalaşıb