Bu gün, iyunun 24-də "Azərikard" prosessinq mərkəzi ilə əməkdaşlıq edən yerli bankların bir sıra müştəriləri kart hesablarından vəsaitlərin təkrar silindiyindən şikayətləniblər. Şikayətlər əsasən maaş kartlarını əhatə edib.
AzadlıqRadiosuna adlarının açıqlanmasını istəməyən vətəndaşlar bildiriblər ki, kartlarından 30 manat və daha çox məbləğdə vəsait silinib.
Yerli medianın sorğusuna cavab olaraq "Azərikard" MMC-dən bildirilib ki, kart əməliyyatlarında yaranan texniki nasazlıq onlarla bağlı deyil.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən açıqlamada isə vurğulanıb ki, təkrar vəsait silinməsi kibermüdaxilə və ya dələduzluqla bağlı olmayıb, hadisə sırf texniki xarakter daşıyır: "Əhalinin diqqətinə çatdırılır ki, Azərbaycan Mərkəzi Bankının ödəniş sistemlərinin, ölkədə fəaliyyət göstərən prosessinq mərkəzlərinin, kommersiya banklarının informasiya sistemlərinin və ödəniş infrastrukturunun sabitliyi, davamlılığı və etibarlılığı ilə bağlı heç bir problem yoxdur. Sözügedən texniki nasazlıq artıq tamamilə aradan qaldırılıb."
Qurum bank müştərilərini yalnız rəsmi mənbələrin yaydığı məlumatlara etibar etməyə çağırır.