Azərbaycanda kartdan karta pul köçürmələri üçün yeni xidmət haqqı tarifləri gəlir. Yeni qaydalara görə, göndərilən məbləğdən asılı olaraq 3 qəpiklə 4 manat arasında xidmət haqqı tutulacaq.
Bu dəyişiklik Mərkəzi Bankın bu il sentyabrın 15-də qəbul etdiyi yeni tariflərdə yer alıb. Qərara əsasən, Banklararası Kart Mərkəzində (BKM) emal olunan köçürmələrin xidmət haqları məbləğə uyğun olaraq belə müəyyənləşib:
100 manatadək köçürmələr – 3 qəpik;
100–1000 manat – 10 qəpik;
1000–10 000 manat – 50 qəpik;
10 000–40 000 manat – 2 manat;
40 000 manatdan yuxarı – 4 manat.
BKM üzərindən xarici valyuta ilə edilən köçürmələr üçün də məbləğdən asılı olaraq yeni qiymətlər müəyyən olunub: 100 vahidədək 0.03, 1000 vahidədək 0.10, 10 min vahidədək 0.50, 40 min vahidədək 2, daha böyük məbləğlərə görə isə 4 dollar yaxud avro xidmət haqqı tutulacaq.
Kartdan karta pul köçürmələri üzrə yeni xidmət haqları aprelin 1-dən qüvvəyə minir.
Bunun vətəndaşlara hansı aidiyyəti var?
Mərkəzi Bankın qərarına əsasən, kartlararası köçürmələrin emalı üzrə xidmət haqlarını ekvayer ödəyəcək, vəsait isə birbaşa Mərkəzi Banka daxil olacaq. Ekvayer bank kartları vasitəsilə nağdsız ödənişlərin qəbuluna şərait yaradan maliyyə qurumudur (bank və ya ödəniş təşkilatı).
Ekspertlərin fikrincə, müəyyən edilmiş məbləğlər bankların vətəndaşlardan birbaşa tutacağı komissiya sayılmamalıdır. Bankların müştərilərə tətbiq etdiyi köçürmə haqları onların daxili tarif siyasətindən asılıdır. Bankların yeni tariflər qoyub-qoymayacağı isə hələlik qeyri-müəyyəndir. Ölkədəki maliyyə qurumlarından şərh almaq mümkün olmayıb.