Azərbaycanda karbamid ixracı 30 faizdən çox azalıb

Sumqayıtda karbamid zavodu

Azərbaycanın ixracında son illər qeyri neft-qaz malları içində mühüm yer tutan karbamid ixracı azalıb.

Bu ilin yanvarında Azərbaycandan xaricə 14.2 milyon ABŞ dolları dəyərində karbamid göndərilib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın fevral sayında bildirilir.

Məlumata görə, bu, 2025-ci ilin yanvarındakı göstərici ilə müqayisədə 6.8 milyon ABŞ dolları və ya 32.4 faiz azdır.

Bu ilin yanvarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artaraq 268.4 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 22.6 faiz artaraq 103 milyon ABŞ dollarına bərabər olub.

Rəsmilər karbamid ixracının azalmasını hələlik şərh etməyiblər. 2019-cu ildə fəaliyyətə başlayan SOCAR (Azərbaycan Dövlət Neft Şirkətinin) Karbamid Zavodunun qısa müddətdə regionun ən müasir azot gübrəsi istehsalçılarından birinə çevrildiyi iddia edilirdi. Son illər karbmid ixracı Azərbaycanın qeyri neft-qaz mallarının ixracında mühüm yer tuturdu. 30 faiz azalmadan sonra belə o, xaricə çıxarılan qeyri neft-qaz malları içində qızıl, meşə fındığı, xurma, mis filizləri və konsentratlarından sonra 5-ci yeri tutur.