Yerevanda işadamı Samvel Karapetyanın məhkəməsi keçirilən zaman polislə qarşıdurma yaranıb. AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, işadamının tərəfdarları məhkəmə binası qarşısına toplaşaraq onun azadlığa buraxılmasını tələb ediblər.
Polis etirazçıların bağladığı yolu açmağa çalışarkən qarşıdurma yaranıb, saxlananlar olub.
Daxili İşlər Nazirliyi AzadlıqRadiosuna 17 nəfərin "polis əməkdaşının qanuni tələbinə tabe olmama" maddəsi ilə həbs olunduğunu bildirib.
Məhkəmə S.Karapetyana qarşı qətimkan tədbirini araşdırır.
"Güclü Ermənistan" partiyasının lideri S.Karapetyan hazırda ev dustaqlığındadır, məhkəməyə polis maşınında gətirilib. O, jurnalistlərin suallarını cavablandırmayıb, danışmaq hüququnun olmadığını bildirib.
Aprelin 16-da isə Karapetyanın müxalifət qrupu ilə əlaqəli olan azı 14 nəfərin saxlanıldığı açıqlanıb. Saxlanılanların hamısı Ermənistanın cənubundakı Artaşat şəhərinin sakinləridir.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi (KAM) onların səsvermə üçün rüşvət verib-alqıdlarını iddia edib. "Güclü Ermənistan" partiyası bu ittihamları siyasi motivli adlandırıb.
Hüquq-mühafizə orqanı həmin şəxslərin onlayn söhbətlərinin audioyazılarını yayımlayıb. İddia olunur ki, partiyaya bağlı və ya onunla əlaqəli qeyri-hökumət təşkilatında çalışan "bir qrup şəxs" səslərin satın alınması ilə məşğul olub.
"Güclü Ermənistan"ın vəkili isə audioyazılarda müzakirə olunan maliyyə məsələlərinin yalnız əməkhaqqı ödənişləri ilə bağlı olduğunu bildirib.
Bu həftə oxşar ittihamlarla partiyanın daha iki fəalı saxlanılsa da, məhkəmə bir neçə saatdan sonra onları azad edib.
Karapetyanın partiyası iddia edir ki, bu cinayət işləri 7 iyunda keçiriləcək seçkilər ərəfəsində onun namizədliyini əngəlləmək məqsədi daşıyır.
Putinin xəbərdarlığı
60 yaşlı S.Karapetyanın Rusiya vətəndaşlığı var. Baş nazir Nikol Paşinyanın siyasi müttəfiqləri onu Kremlin əmri ilə Ermənistan hökumətini devirmək planı hazırlamaqda günahlandırır. Karapetyan ötən ilin iyununda həbs olunandan sonra aktiv siyasətə qədəm qoyub.
Rusiya prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Paşinyanla görüşündə Yerevana rusiyapərəst müxalifət qüvvələrin seçkilərə buraxılmaması ilə bağlı açıq xəbərdarlıq səsləndirib. Putin eyhamla bildirib ki, bu cür qadağalar, eləcə də Yerevanın Avropa İttifaqına doğru irəliləməsi Rusiyadan ciddi asılılığı olan Ermənistan iqtisadiyyatı üçün ağır nəticələr doğura bilər.
"Güclü Ermənistan" seçkilərə qatılacaq əsas müxalif qüvvə sayılır. Hərəkat indiyədək açıq-aşkar rusiyayönlü bəyanatlar verməkdən çəkinib. Partiya aprelin 11-də Yerevanda böyük mitinq keçirib.