Karantin uzadılır, metro dayandırılır

Azərbaycanda xüsusi karantin rejimi uzadılır və daha 8 rayona da şamil olunacaq.

Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, qeyd olunmuş şəhər və rayonlardan əlavə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında da xüsusi karantin rejimi tətbiq olunacaq.

Operativ Qərargahdan bildirilib ki, bu addım COVID-19-un yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə atılır.

Əlavə olunub ki, son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Həkim: 'Şənbə-bazar insanları evlərinə doldurmaq səhv idi'

Beş nəfərdən artıq toplaşmaq qadağan olundu

Bundan başqa ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçədə, bulvarda 5 nəfərdən artıq qruplarla cəmləşmək qadağan edilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, bu tədbir koronavirusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində həyata keçiriləcək.

Buna da bax: 'Postların yığışdırılması daldan atılan daşa bənzəyir' – Şərh

Metro və digər nəqliyyat vasitələri işləməyəcək

4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma dayandırılır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

Bundan öncə də sərt karantin dövründə metropolitenin fəaliyyəti dayandırılmışdı.