Karantin rejimi mayın 4-nə kimi uzadıldı

Bakıda karantin, aprel 2020

Azərbaycan ərazisində tətbiq olunan karantin rejiminin uzadılması məqsədəuyğun sayılıb. Bu barədə bu gün, aprelin 18-də Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.
Məlumatda yazılıb ki, xüsusi karantin rejiminin aprelin 20-i saat 00:00-dan mayın 4-ü saat 00:00-dək uzadılmasına qərar verilib:

“ Nazirlər Kabinetinin...124 saylı qərarında qeyd olunan tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan ...ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrdə tədris, təlim tərbiyə prosesinin dayandırılması 4 may 2020-ci il saat 00:00-dək uzadılır. Bununla belə uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq növbəti həftə ərzində ictimaiyyətə təqdim olunacaq”
Qərargah bildirib ki, eyni zamanda, ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək hətta uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna deyildir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakı karantində: Dezinfeksiya və polis yoxlamaları

“ COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür”, qərargahın məlumatında sonda da bildirilib.

Buna qədər martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda kütləvi tədbirlər ləğv edilmişdi (Azərbaycanda bir ay ərzində ). Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslərin dayandırıldığı açıqlanmışdı. Sonra martın 24-dən aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi elan edilmişdi. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

Bakı küçələri belə dezinfeksiya edilir

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Artıq, dünyada bu virusdan 155 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə hazırkı dövrədək 1373 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 590 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib.