69-cu Kann Film Festivalında Azərbaycan pavilyonu qurulub

69-cu Kann Film Festivalı

-

Fransada keçirilən 69-cu Kann Beynəlxalq Film Festivalında Azərbaycan kinosu pavilyonu qurulub.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, Kann festivalında Azərbaycan pavilyonu bu qurumun dəstəyi ilə 2011-ci ildən bəri 6-cı dəfədir qurulur.

Dünyanın ən nüfuzlu kino tədbirində Azərbaycan kinosunu nazirliyin və Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının nümayəndələri, eləcə də rejissor və prodüser İlqar Nəcəf, ssenarist və rejissor Asif Rüstəmov təmsil edirlər.

«Azərbaycanfilm» kinostudiyası bu il Kann kino bazarına «Qırmızı bağ», «İçəri şəhər», «Yarımçıq xatirələr», «4.1 Şəhər motivləri», «Keçmişdən məktublar», «Həddən artıq uyğunluq» və «Xeyirlə Şərin rəqsi» bədii filmlərini təqdim edib.

Filmlər dünyanın yüzədək ölkəsindən gəlmiş distribütor şirkətlərinin diqqətinə çatdırılıb.

Xəbərdə vurğulanır ki, istehsalın müxtəlif mərhələlərində olan «Üç gün və bir ömür», «Nar bağı», «Köşk» bədii filmləri kino-bazarın xüsusi bölməsinin iştirakçılarıdır.

Festival çərçivəsində dünya kino sənayesinin tanınmış nümayəndələri ilə öncədən razılaşdırılmış cədvəl üzrə işgüzar görüşlər həyata keçirilir.

Mayın 11-də başlayan 9-cu Kann Kino Festivalı mayın 22-dək davam edəcək.

Dünən festivalın təntənəli açılış mərasimi olub.

Açılışdan sonra ünlü rejissor Woody Allen-in müsabiqədənkənar «Kübar həyat» filmi göstərilib.