Rusiyanın uzaq şərqində yerləşən Kamçatka yarımdasında baş verən 8.8 ballıq güclü zəlzələdən sonra Rusiya, ABŞ və Yaponiyada sunami xəbərdarlığı elan edilib.
Yaponiyada Hokkaydo ilə Kyuşu arasındakı sahil bölgələri üçün xəbərdarlıqlar verilib, ölkənin digər hissələrində isə daha aşağı səviyyəli xəbərdarlıqlar qüvvədədir. ABŞ-nin bütün qərb sahili, Alyaskanın uzaq Aleut adalarının bəzi hissələri, Havay adaları və Quam üçün də xəbərdarlıqlar verilib. Rusiyanın Saxalin vilayəti Şimali Kuril adalarında fövqəladə vəziyyət elan edib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Kamçatkada 8.8 bal gücündə zəlzələ olub
Şimali Kuril rayonunun meri Aleksandr Ovsyannikov bildirib ki, ərazidəki "hər kəs" təxliyə edilib. "Kifayət qədər vaxt, var idi - tam bir saat. Beləliklə, hamı təxliyə edildi, bütün insanlar sunami təhlükəsinin olduğu zonadan uzaqdır", - AFP merdən sitat gətirib.
Meteroloqlar isə sunami dalğalarının hündürlüyünün 3-4 metrə çata biləcəyini deyib.
Bunun 1952-ci ildən bəri Kamçatka yarımadasında qeydə alınan ən güclü zəlzələ olduğu bildirilib. "Güclü afterşoklar"ın (intensivliyi daha kiçik olan təkrar seysmik təkanlar) olacağı barədə xəbərdarlıq edilib.
"Maqnitudası 7,5-ə çatan nəzərə çarpan afterşokların ən azı daha bir ay davam edəcəyi gözlənilir", - Rusiya Elmlər Akademiyasının Geofizika İnstitutunun Kamçatka bölməsi xəbərdarlıq edib.
Dağıntılar
Rusiyanın TASS agentliyinin ilkin məlumatına görə, baş verən zəlzələ nəticəsində bir neçə nəfər xəsarət alıb.
ABŞ prezidenti Donald Tramp da Havay adalarında sunami xəbərdarlığı, Alyaska və ABŞ-nin Sakit okean sahillərində xəbərdarlığın elan olunması barədə paylaşım edib.
Çin, Peru və Ekvadorda da sunami ilə bağlı xəbərdarlıqlar edilib.