Kamal İsayevə 8 il 6 ay həbs cəzası verilib

Kamal İsayev

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Yaxınlarının yaydığı məluma görə, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycanda etnik azlıqlarla bağlı çıxışları ilə tanınan Rusiya vətəndaşı K.İsayevin ötən il İstanbulda saxlanıb Bakıya gətirildiyi bildirilmişdi. O, Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi), 281-1.2-ci (Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə salınması) maddələri ilə ittiham olunub.

Yaxınlarının bildirməsinə görə, müdafiə tərəfi məhkəmədə ittihamlarla razılaşmayıb. Onlar K.İsayevin fəaliyyətinin yalnız talış dilinin və milli-mədəni irsin qorunmasına yönəldiyini vurğulayıblar. Qeyd olunub ki, ana dilinin inkişafı milli azlıqların öz mədəni kimliyini qoruması baxımından beynəlxalq standartlarla təmin edilən fundamental hüquqlardan biridir.

K.İsayev özü də çıxış edərək hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və heç vaxt milli ayrıseçkilik etmədiyini bildirib. O, ittihamların üzərindən götürülməsini və azadlığa buraxılmasını xahiş edib.

Dövlət ittihamçısı İsayevə 9 il 6 ay həbs cəzasının verilməsini istəyib.

Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Hökmə əsasən, o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

17.11.2025

Hökumətin etnik azlıqlarla bağlı tənqidçisinin tutulub Azərbaycana gətirildiyi deyilir

Azərbaycan hakimiyyətini etnik azlıqlara münasibətlə bağlı tənqid edən Rusiya vətəndaşı Kamal İsayevin İstanbulda saxlanılıb Bakıya gətirildiyi bildirilir. Bu barədə onun xanımı Aida İsayeva və başqa yaxınları məlumat yayıb.

Rusiyada yaşayan A.İsayeva deyir ki, K.İsayev ilə noyabrın 7-dən əlaqə saxlamaq mümkün olmayıb.

Onun sözlərinə görə, noyabrın 12-də vəkil K.İsayevin bacısına zəng edərək onun İstanbulda saxlanılıb Bakıya gətirildiyini və hazırda təcridxanada olduğunu söyləyib: "Vəkil deyir ki, guya Kamal həbsin ictimailəşməsini istəmir. Mən isə bunun yalan olduğunu bilirəm. Eyni hal İqbal Əbilovun da başına gəldi".

A.İsayeva "Facebook" hesabında Rusiya prezidenti Vladimir Putinə müraciət edərək ərinin azad olunmasına yardım göstərilməsini də xahiş edib.

Bu deyilənləri Azərbaycanın hüquq-mühafizə qurumlarından dəqiqləşdirmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə milli azlıqlara bütün lazımı imkan və hüquqlar verilib.

K.İsayevin "YouTube" platformasında "Jahid Kamal", "Arya Toloş" adlı kanalları olduğu və onun Azərbaycan hakimiyyətinin etnik azlıqlarla bağlı siyasətini tənqid etdiyi bildirilir.

Bundan əvvəl Belarusda yaşayan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilov doğmalarının yaşadığı Azərbaycana səfəri zamanı - 2024-cü il iyulun 22-də saxlanılmışdı. Ona Lənkəran Ağır Cinayətlər Məhkəməsi 18 il həbs cəzası verib. İttihama görə, İ.Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və milli zəmində nifrət yaratmaq cəhdində günahlandırılır.

Əbilovun Hüquqlarını Müdafiə Komitəsi isə bildirir ki, o, heç bir siyasi fəaliyyətlə məşğul olmayıb, "yeganə cinayəti" elmi obyektivlik və mədəni irsin qorunması olub.