Ukraynanın Avroviziya mükafatı hərraca çıxarılıb

Kaluş qrupu

Qrupun lideri Oleq Psiukun çəhrayı rəngli panaması isə mayın 29-da Berlində xeyriyyə konsertində satışa çıxarılıb

2020-ci il Avroviziya Mahnı Müsabiqəsinin ukraynalı qalibi Kaluş Orkestri qrupu ölkəsinin Rusiya işğalına qarşı mübarizəsini maliyyələşdirmək üçün mükafatı hərraca çıxarıb.

Qrup mayın 29-da bildirib ki, ona təqdim olunmuş mikrofon formasında büllur mükafatı Ukraynanın onlayn kriptovalyuta mübadiləsi saytına satıb.

“Mükafatı 900 min dollara almış, hazırda onun qanuni sahibi olan Whitebit komandasına xüsusi təşəkkürlər”, – orkestr bildirib.

Buna da bax: Ukrayna müharibəsi Qarabağ üçün nə deməkdir [Qərb mediası]

Qrupun lideri Oleq Psiukun çəhrayı rəngli panaması isə mayın 29-da Berlində xeyriyyə konsertində satışa çıxarılıb. Satışdan əldə olunan məbləğ Ukrayna ordusuna ianə ediləcək.

Hərracı təşkil edən teleaparıcı Sergey Pritula daha öncə deyirdi ki, yığılan məbləğin Ukrayna istehsalı PD-2 hərbi dronlarının alınmasına xərclənməsi planlaşdırılıb.

Fevralın 24-də Ukraynaya tammiqyaslı hücuma başlamış Rusiya paytaxt Kiyevi tuta bilməyib. Hazırda döyüşlər Ukraynanın şərqində gedir, Kiyev qüvvələri Rusiya ilə ağır döyüşlərə cəlb olunub.

Kaluş Orkestri bu il İtaliyada keçirilən 66-cı Avroviziya müsabiqəsində “Stefaniya” mahnısıyla qalib gəlib. Rusiya isə Ukraynaya qarşı səbəbsiz müharibəsinə görə yarışmadan kənarlaşdırılıb.