R.Kadırov: Hər bir qafqazlı kimi, mən də bu əbədi ittihamdan artıq bezmişəm

Ramzan Kadırov

Çeçenistanın rəhbəri Ramzan Kadırov Moskvada, Novıe Vatutinkidə uşaqla olan kişiyə hücumda “Şimali Qafqazlıların” iştirakı ilə bağlı xəbərlər yayan KİV-ləri tənqid edib.

"Hər bir qafqazlı kimi, mən də hər hansı, hətta kiçik bir hadisəyə görə bu əbədi ittihamdan artıq bezmişəm. Bir neçə gün ərzində bütün internet istisnasız olaraq bütün qafqazlıların qeyri-münasib davranışları haqqında bəyanatlarla dolub", - Kadırov yazır.

Kadırov, Simonyana onun özünün də qafqazlı olduğunu xatırladıb

AzadlıqRadiosunun rus xidməti yazır ki, Kadırov Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyanı da bu hadisə ilə bağlı yazdığı şərhə görə tənqid edib.

Məlumata görə, Marqarita Simonyan Moskvada baş verənləri şərh edərək Telegram-da yazıb ki, “bütün bu “yeni gələnlər” və “Qafqaz milliyyətindən olanlar” özlərini elə aparırlar ki, ölkədə yenidən yaşayış icazəsi və qeydiyyatla bağlı daha sərt rejim tətbiq edəcəklər ”. "Və onlar doğru olanı edəcəklər. Ya da heçnə. Necə biabırçılıqdır. Üzr istəyirəm, Qafqazda gənclər qonaq gedəndə hətta tualetə belə getməyə utanırlar. Dözürlər. Çünki əlverişsizdir. Amma Moskvada belə çıxır ki, qonaq deyillər. Yaxşı, o zaman sizə bu evin sahibinin kim olduğunu göstərəcəklər”- deyə Simonyan yazıb.

Margarita Simonyan

Simonyanın sözlərini şərh edən Kadırov onun özünün də Qafqazdan olduğunu xatırladaraq vurğulayır ki, açıqlama verməzdən əvvəl ciddi, nüfuzlu media orqanının baş redaktoru məlumatı yoxlamalı və yalnız bundan sonra nəticə çıxarmalı və yeni bir mövzuda PR etməlidir. Kadırova görə, "belə çirkin hiylə düzəlməz nəticələrə gətirib çıxara bilər”.

Həftənin əvvəlində Moskvada-Novıe Vatutinkidə dörd nəfərdən ibarət qruplaşmanın azyaşlı uşağı olan ataya hücum etdiyi bildirilirdi.

Faktla bağlı cinayət işi açılıb. Şənbə günü Daxili İşlər Nazirliyi hadisədə iştirak edən dördüncü şəxsin saxlandığını açıqlayıb. Kavkaz.Realii-nin məlumatına görə, hadisə ilə bağlı yayılan ilk məlumatlarda bəzi KİV-lər hücum edən 4 nəfərin Qafqazdan olduğunu xəbər veriblər.

Amma sosial şəbəkələrdə yayılan videolardan bunu müəyyən etmək mümkün olmayıb.

Daha sonra Daxili İşlər Nazirliyi məlumat verib ki, saxlanılan dörd nəfərin hamısı Cənubi Qafqaz əsillidir və onlardan üçü Rusiya vətəndaşıdır.