Pakistanın Kabildə xəstəxanaya hava hücumu azı 400 nəfərin ölümünə, 250 nəfərin yaralanmasına səbəb olub. Bu məlumatı Əfqanıstan Talibanı yayıb. Pakistan isə iddiaları rədd edib.
Kabildə 2 min çarpayılıq Omid Xəstəxanasının Pakistanın hava hücumuna martın 16-da məruz qaldığı bildirilir.
Xilasetmə işləri, meyitlərin çıxarılması prosesi davam edir, Taliban hökumətinin sözçü müavini Həmdullah Fitrat deyib.
O, X-də yazıb ki, Pakistan qüvvələri narkotik asılılığının müalicə olunduğu Omid xəstəxanasına hava hücumu gerçəkləşdirib, xəstəxananın xeyli hissəsi dağıdılıb.
Pakistanın İnformasiya Nazirliyi isə bildirib ki, zərbə Kabildə və Nəngərhar əyalətində hərbi obyektləri hədəf alıb, mülki şəxslər qəsdən vurulmayıb.
"Kabildə iki yerdə texniki dəstək infrastrukturu və sursat anbarları məhv edilib", – bunu Pakistanın informasiya naziri Attaullah Tarar X paylaşımında yazıb.
Tərəflərin iddialarını müstəqil qaynaqlardan təsdiqlətmək mümkün olmayıb.
Bu zərbə sərhədyanı toqquşmaların davam etdiyi Əfqanıstan və Pakistan arasında gərginliyi kəskin artırıb.