Kabilin şiə məhəlləsində 19 nəfər öldürülüb

Hadisə yeri

Əvvəllər İslam Dövləti qruplaşması hazar icmasını, eləcə də Daşti Barçini hədəf alıb

Sentyabrın 30-da Əfqanıstan paytaxtı Kabilin şiələr yaşayan məhəlləsində təhsil mərkəzində intiharçı hücumu törədilib, 19 nəfər öldürülüb, 27 nəfər yaralanıb. Məlumatı Kabil polis rəisinin Taliban tərəfindən təyin olunmuş sözçüsü verib.

Etnik azlıq hazarların (xəzərlər) yaşadığı Dəşti Barçidəki mərkəzin içərisində partlayış səhər saatlarında baş verib. Sözçü Xalid Zadran partlayışın şagirdlərlə dolu otağında törədildiyini deyib.

Şahidlərin AzadlıqRadiosuna dediyinə görə, intiharçı əvvəlcə mərkəzin mühafizəçisini hədəfə alıb, sonra sinif otağında özünü partladıb.

Həmin vaxt mərkəzdə 150-dək tələbənin olduğu bildirilir.

Taliban ötən ilin avqustunda hakimiyyəti ələ keçirəndən Əfqanıstanda zorakılıq səngimir. Son hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Əvvəllər İslam Dövləti qruplaşması hazar icmasını, eləcə də Daşti Barçini hədəf alıb.

Taliban hökuməti partlayışın araşdırıldığını bildirir.