Əfqanıstanın paytaxt Kabildə yerləşən ən böyük hərbi xəstəxanasında partlayışda azı 15 nəfərin həlak olduğu xəbər verilir.
Taliban təhlükəsizlik rəsmisinin “Reuters”ə deməsinə görə, noyabrın 2-də törədilmiş qoşa partlayışda azı 15 nəfər öldürülüb, 34 nəfər yaralanıb.
Yerli sakinlərin yaydığı fotolarda 400 çarpayılıq Sərdar Məhəmməd Davud Xan hərbi xəstəxanası üzərində qara tüstü yığını görünür.
Taliban hökuməti sözçüsünün köməkçisi Bilal Kərimi partlayışların səbəbinin bəlli olmadığını deyib.
Hələlik, partlayışa görə məsuliyyəti götürən olmayıb.
Taliban avqustda hakimiyyəti ələ keçirəndən bəri İslam Dövləti silahlı qruplaşmasının yerli qanadı olan İslam Dövləti–Xorasa Vilayəti (İD-X) bir sıra məscidlərə və digər obyektlərə hücumlar gerçəkləşdirib. 2017-ci ildə həmin xəstəxanaya hücum zamanı isə 30-dan çox ölən olmuşdu.