İsrail prezidenti, Çin və Rusiya nazirləri Azərbaycandadır

İsxak Hersoq

Rusiya və Çinin xarici işlər nazirləri (Sergey Lavrov və Van Yin) də oktyabrın 14-ü, günün ikinci yarısı Azərbaycana gəliblər.

Lavrov və Van Yin də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək üçün Bakıdırlar.

Onlardan bir qədər sonra isə Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana gəlib. Həmçinin, AQEM toplantısına İran xarici işlər nazirliyinin təmsilçisinin də qatılacağı gözlənir.

Buna qədər isə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və İsrail dövlət başçısları bu zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlmişdilər

İsrail prezidenti Azərbaycandadır

İsrail prezidenti İsxak Hersoq oktyabrın 14-də Azərbaycana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, o, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün Bakıdadır.

İ.Hersoq bundan əvvəl sonuncu dəfə 2023-cü ilin mayında Azərbaycanda rəsmi səfərdə olub.

İki ölkə arasında bir sıra sahələrdə, xüsusilə də müdafiə sənayesi istiqamətində sıx əməkdaşlıq əlaqələrinin olduğu bildirilir.

Azərbaycanla İsrail arasındakı bu tərəfdaşlıq zaman-zaman qonşu İran və Türkiyənin bəzi siyasi dairələrində tənqidlərlə qarşılanıb.

Xüsusilə ötən ay keçirilən BMT Baş Assambleyasının sessiyasında İsrail baş nazirinin çıxışı zamanı bir çox ölkənin nümayəndələrindən fərqli olaraq, Azərbaycan təmsilçilərinin zalı tərk etməməsi ciddi müzakirələrə səbəb olub. Qəzza bölgəsində İsrailin apardığı hərbi əməliyyatlar bir çox dövlətlər tərəfindən pislənsə də, İsrail tərəfi bu addımların sırf özünümüdafiə xarakteri daşıdığını bəyan edir.

Azərbaycan isə Fələstin-İsrail münaqişəsinin həllində BMT-nin irəli sürdüyü "iki dövlət" konsepsiyasını dəstəklədiyini bildirir.

Son hadisələr fonunda bəzi ekspertlər prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) qurultayındakı çıxışı zamanı ölkənin müstəqil xarici siyasət xəttini xüsusi vurğulamasını məhz xaricdən gələn bu təzyiq və tənqidlərə dolayı bir cavab kimi qiymətləndirirlər.

Xatırlatma

AQEM-in təsis edilməsi təşəbbüsü ilk dəfə 1992-ci ildə Qazaxıstan tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyasında irəli sürülüb. Bu təşəbbüsün əsas məqsədi Asiyada sülh və təhlükəsizliyi təmin edəcək effektiv və universal bir təşkilat yaratmaq olub. Hazırda 29 üzv dövləti bir araya gətirən AQEM-in Katibliyi Astana şəhərində yerləşir.