İ.Həmidov bəzi müxalifləri topladı

Sizin brauzer HTML5-i dəstəkləmir

İsgəndər Həmidov müxalifəti bir araya toplayıb

«Azərbaycanda rüşvət, korrupsiya, tayfabazılıq, yerlibazlıq, inhisarçılıq tüğyan edir...».

Bu gün, dekabrın 25-də Bakıda bir sıra müxalif partiya təmsilçilərinin iştirakı ilə keçirilən toplantıda keçmiş daxili işlər naziri İsgəndər Həmidov belə deyib.

Toplantı İ.Həmidovun təşəbbüsü ilə keçirilib. Bir çox müxalifət partiyası rəhbərinin və ayrı-ayrı müxalifətçilərin qatıldığı toplantının müzakirə mövzusu «Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri» olub.

İ.Həmidov öncə seçki sahəsində problemlərdən bəhs edib.

«Azərbaycanda seçki yoxdur, seçki komissiyaları yoxdur, bircə sədr Məzahir Pənahov var. Azərbaycanda bayaq çıxış etdilər ki, 150-dən artıq siyasi məhbus var. Onların içində bir qadın siyasətçi də var. Azərbaycanda rüşvət, korrupsiya, tayfabazılıq, yerlibazlıq, inhisarçılıq tüğyan edir. Kim özünü aldadır, kim özünü aldatmaq istəyir ki, İlham Əliyevin bu işlərdən xəbəri yoxdur, yalan sözdür. Birbaşa rəhbərlik edir, birbaşa onun başında dayanır...», - İ.Həmidov qeyd edib.

Müxaliflərin toplantısı. 25 dekabr 2018

O, mövcud durumda müxalifətin vəzifələrindən də danışıb: «Onlar heç bir islahata getməyəcəklər. Heç bir dəyişiklik etməyəcəklər, biz özümüzü aldatmamalıyıq...».

Hakimiyyətin Qarabağ siyasətini tənqid edən İ.Həmidov bildirib ki, müxalifətin məqsədi Azərbaycanda köklü demokratik islahatlara nail olmaqdır. O, beynəlxalq qurumlarla əməkdaşlıq edəcəklərini, mitinqlər, piketlər keçirəcəklərini qeyd edib.

Dəyirmi masanın yekununda qərara alınıb ki, toplantıya gələn müxaliflər hər ay iki dəfə toplansınlar.

«Ayda iki dəfə toplanıb müzakirələr aparacaq, yeni hərəkatın başlandığını elan edəcəyik», - İ.Həmidov tədbirdən sonra AzadlıqRadiosuna deyib.

Müxaliflərin toplantısı. 25 dekabr 2018

Xatırlatma

Azərbaycan hakimiyyətinin təmsilçiləri isə korrupsiya ilə bağlı ittihamları qəbul etmirlər. Onlar deyirlər ki, ölkədə korrupsiya halları ilə ciddi mübarizə aparılır və bundan ötrü prezident İlham Əliyevin siyasi iradəsi var. Üstəlik, rəsmilər ölkədə seçkilərin azad və ədalətli keçirildiyini bəyan edərək, siyasi məhbusların olması fikrini də yalanlayırlar. Onlara görə, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Hakimiyyət təmsilçiləri bundan başqa, ölkədə siyasi, iqtisadi islahatların aparıldığını da tez-tez vurğulayırlar.