Xeyli vaxtdır ki, Tovuzun icra başçısının oğlu Qoşqar Zeynalovla sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynov məhkəmədə bir-birinə qarşıdır. Onların arasında 4 milyon manatlıq qalmaqal var.
CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla) dələduzluq maddəsi ilə təqsirləndirilən R.Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. O, biznes qurmaq adıyla adamlardan pul alıb qaytarmamaqda suçlanır. Biznes də «Azərbaycan Dəmir Yolları» QSC üçün xaricdən yataq dəstləri gətirilməsi olub. Qazancın 20 faizi pul sahiblərinə çatmalıymış.
Milyonlarla dələduzluq işində sabiq nazir müavininin də adı hallanır
2015-ci ildə nazir müavini təyin olunana qədər 11 il «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbəri olmuş Arif Əsgərovun da adı bu dələduzluq işində hallanır. Elə mayın 8-də keçirilən məhkəmədə də R.Hüseynov bildirib ki, pullar xalasının həyat yoldaşı A.Əsgərovda olub.
***Buna da bax-Keçmiş nazir müavininin oğlu məhkəmədə xalası oğlunu suçladı
Q.Zeynalovun iddiasına görə, R.Hüseynova bir neçə dəfəyə ümumilikdə 7 milyon manatdan çox pul verib və həmin məbləğin bir hissəsi qaytarılsa da, 3 milyon 925 min manatı qalıb. İcra başçısının oğlu deyir ki, Rahibə verdiyi pullar özünün olmayıb, başqalarından alıb ona verib. Çünki R.Hüseynovdan alacağı 20 faizlik qazancın 10 faizi ona çatacaqdı.
Mayın 8-də məhkəmədə icra başçısının oğlunun iki şahidi dindirilib – Gəray Abbasov və Zeynal Bayramov. Deyiblər ki, Q.Zeynalov onlardan pul alıb, birgə biznes məqsədilə təqsirləndirilən R.Hüseynova verib.
R.Hüseynov isə bildirib ki, icra başçısının oğlu Dövlət Yol Polis İdarəsində vəzifə sahibidir. Bu iki nəfər də onun qeyri-rəsmi işçiləridir.
Təqsirləndirilən R.Hüseynov onu da bildirib ki, pullar ona yox, xalası oğlu Elnar Əsgərova (sabiq nazir müavininin oğlu-red.) verilib: «Pulu geri istəyəndə özünə də demişdim ki, pul Arif Əsgərovdadır, oğlu Elnar gətirəcək. Mənə pul verənlər arxamda dayanan adamın kimliyini də bilirdilər. Ona görə verilib pul».
***Buna da bax-Zərərçəkmiş: 'Nazir müavininin oğlu 20 qəpiklik malı dövlətə...'
İcra başçısının oğlu ilə sabiq nazir müavininin oğlu həm də qohumdurlar. Onların həyat yoldaşları bacıdır.
«Bizi şərləyir ki, pulları qaytaraq»
R.Hüseynov ümumilikdə 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. Bu cinayət işində icra başçısının oğlu ilə yanaşı, Namiq Mehdiyev adlı daha bir zərərçəkmiş də var.
R.Hüseynov özünü təqsirli bilmir. Deyir ki. Q.Zeynalova təkcə 3 milyon 200 min qazanc verib.
A.Əsgərovun oğlu Elnar da bu məhkəmədə prosesində dindirilib. O, xalası oğlunu onun və atasının adından sui-istifadə etməkdə günahlandırıb: «Məni və atamı şərləyir, adımızdan sui-istifadə edir ki, başqalarından alıb mənimsədiyi pulları biz qaytaraq».
R.Hüseynovun digər qardaşı Emil Hüseynov bir müddət öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. O da biznes qurmaq adıyla adamları aldadıb, pullarını ələ keçirməkdə günahlandırılır. O işdə də E.Əsgərovun adı hallanırdı və həmin məhkəmədə də dindirilmişdi. Amma o işdə təqsirləndirilən xalası oğlu ilə yanaşı, zərərçəkmişlərin də bəziləri sabiq nazir müavininin oğlunu günahlandırır, pulu ona verdiklərini bildirirdilər.