İbrahim Ləmbəranski prokurorluqdan gedib

İbrahim Ləmbəranski (solda) hüquq müdafiəçisi Leyla Yunusun istintaqına da rəhbərlik edib.

İbrahim Ləmbəranskinin prokurorluqda qulluq keçməsinə xitam verilib. Bu barədə bu gün, oktyabrın 1-də Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Vurğulanıb ki, İ.Ləmbəranskinin öz arzusuna əsasən bu il sentyabrın 10-dan prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Elə bu gün, ölkənin yerli saytları məlumat yaymışdı ki, Sabunçu rayonunun sabiq prokuroru İ.Ləmbəranski Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin müşaviri vəzifəsinə təyin edilib. Bu məlumatı nə onun özündən, nə də sözügedən qurumdan dəqiqləşdirmək mümkün olub.

Yerli media onun bu ilin iyununda Sabunçu rayon prokuroru vəzifəsindən azad edilərək sərəncama götürüldüyü haqda da məlumat yaymışdı.

1972-ci il təvəllüdlü İ.Ləmbəranski 1995-ci ildən prokurorluq orqanında çalışıb. Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, Bakı şəhər Pirallahı rayon prokuroru vəzifələrini də tutub.

İ.Ləmbəranskininadı bir sıra siyasi məhbus sayılan şəxslərin istintaqında keçib. O, 2012-ci ildə Quba rayonunda baş verən etirazlara görə həbs edilənlərin, habelə müxalif "NİDA" Vətəndaş Hərəkatının bəzi fəalları, hüquq müdafiəçisi Leyla Yunus və jurnalist Rauf Mirqədirovun istintaqına da rəhbərlik edib.

Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları həmin istintaq işləri ilə bağlı tənqidlər səsləndiriblər, həbs edilənləri siyasi məhbus sayıblar. Hərçənd rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər.

Milli Məclisin Kürdəmirdən olan deputatı Əminə Ağazadə İ.Ləmbəranskinin xanımıdır.