Türkiyənin üçüncü böyük şəhəri və ölkənin dünyəvi müxalifətinin dayağı sayılan İzmirin bələdiyyə sədri oktyabrın 7-də prezident Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qoşulub. "Reuters" bunun onlarla bələdiyyə sədrinin həbs olunduğu, müxalifətə qarşı təzyiqlərin davam etdiyi vaxtda baş verdiyini yazır.
Cəmil Tuqay 2024-cü ildə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi kimi bələdiyyə sədri seçilsə də, iyunda partiyadan ayrılmışdı. O, Ankarada keçirilən mərasimdə rəsmən AKP-yə üzv olub. Bununla da Ərdoğanın partiyası indiyədək seçki yolu ilə qazana bilmədiyi İzmir bələdiyyəsinə rəhbərliyi əldə edib.
2001-ci ildə yaradılan mühafizəkar AKP indiyə qədər keçirilən heç bir seçkidə İzmir Böyükşəhər Bələdiyyəsində qələbə qazana bilməyib.
Tuqay 2024-cü ilin mart seçkilərində səslərin 49 faizini toplayaraq qalib gəlib. AKP namizədi isə 37 faiz səs ala bilib. Eyni zamanda CHP İzmirin 30 rayon bələdiyyəsindən 28-ində qələbə qazanıb.
AKP 2024-cü ilin mart bələdiyyə seçkilərində ağır məğlubiyyətə uğradıqdan sonra müxalifətin idarə etdiyi bələdiyyələrə qarşı görünməmiş təzyiq kampaniyasına başlayıb. Bir çox bələdiyyə sədri korrupsiya ittihamları ilə üzləşib, tənqidçilər isə bu iddiaların əsassız olduğunu deyirlər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Atatürkün qurduğu partiya parçalandı: 'Yeni Partiya' müxalifətə, yoxsa Ərdoğana yarayacaq?
Hazırda Ərdoğanın əsas rəqibi sayılan İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu da daxil olmaqla, onlarla yerli rəhbər həbsdədir. Tuqaydan əvvəl İzmirə rəhbərlik etmiş Tunç Soyer də korrupsiya istintaqı çərçivəsində həbs olunub.
Müxalifət bu korrupsiya ittihamlarını siyasi motivli adlandırır. Hökumət isə məhkəmələrin tam müstəqil olduğunu iddia edir.
Məhkəmə CHP-nin 2023-cü il qurultayını etibarsız saydıqdan və Özgür Özəli partiya sədrliyindən kənarlaşdırdıqdan sonra Tuqay iyunda CHP-dən istefa verib. Amma o, Özəlin və 90 müxalif deputatın bu məhkəmə qərarına etiraz olaraq yaratdığı Yeni Partiyaya qoşulmayıb, fəaliyyətini müstəqil bələdiyyə sədri kimi davam etdirib.
Ö.Özəl oktyabrın 6-da verdiyi bəyanatda AKP-ni şantaj və həbs hədələri vasitəsilə Tuqayı öz tərəfinə çəkməkdə günahlandırıb. Ərdoğan bugünkü mərasimdə bu ittihamları rədd edib.
Tuqaydan əvvəl Aydının bələdiyyə sədri Özləm Çərçioğlu da CHP-dən AKP-yə keçmişdi. Ümumilikdə 2024-cü ildə müxalifət partiyalarından seçilən onlarla rayon bələdiyyə sədri sonradan hakim partiyaya qoşulub.