Əsgər qəsdən öldürülübmü?

Azərbaycan hərbçisi

Baş Prokurorluğun Mətbuat xidməti iyunun 9-da naməlum şəraitdə itkin düşdüyü, iki gün sonra Şərur rayonunun Günnüt yaşayış məntəqəsində nəşi aşkarlandığı bildirilən əsgər Ceyhun Hüseynov barədə açıqlama yayıb.

Bildirilir ki, fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Hələlik, məsələ ilə bağlı əsgərin yaxınları ilə danışmaq mümkün olmayıb.

Müdafiə Nazirliyi: 'İtkin əsgərin nəşi aşkar edilib'

İyunun 9-da naməlum şəraitdə itkin düşdüyü bildirilən əsgərin nəşinin tapıldığı açıqlanıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi iyunun 11-də məlumat yayıb.

"...Əsgər Ceyhun Hüseynovun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib", - məlumatda vurğulanır.

Hazırda faktla bağlı araşdırma aparıldığı bildirilir.

Rəsmi məlumata, hələlik, əsgərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

+++

Ermənistan Milli Təhlükəsizlik Xidmətində (MTX) Azərbaycan hərbçisinin sərhədi keçə biləcəyi barədə faktiki məlumat yoxdur. Bu barədə Ermənistan MTX-nin Mətbuat mərkəzindən bildirilib.

"Yeni məlumatımız olarsa, dəqiqləşdirəcəyik", – qurumdan əlavə ediblər.

Bu gün, iyunun 10-da bir Azərbaycan əsgərinin Ermənistan ərazisinə keçib saxlanması ilə bağlı bu ölkənin bəzi media orqanlarında məlumatlar yayılmışdı.

Azərbaycan əsgərinin itkin düşdüyü bildirilir

Azərbaycan ordusunun hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun iyunun 9-da itkin düşdüyü bildirilir.

Müdafiə Nazirliyinin (MN) məlumatına görə, o, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

Hələlik, bu məlumata əsgərin yaxınlarının münasibəti bəlli deyil.

Bundan təqribən dörd ay əvvəl - fevralın 28-də Müdafiə Nazirliyi bir əsgərinin Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən "əlverişsiz hava şəraitində" istiqaməti itirərək azdığını bildirmiş və onun tapılması üçün axtarış aparıldığını açıqlamışdı. Sonradan həmin əsgər - Ruslan Pənahovun istiqamətini itirərək Ermənistana keçdiyi bildirildi. O, Azərbaycana təhvil verildi.

Keçən ilin aprelində isə Azərbaycanın başqa iki əsgərinin Naxçıvanda itkin düşdüyü, onların da Ermənistanda saxlandığı bəlli oldu. Onlar isə bir müddət bir sıra cinayətlərdə ittiham edilsələr də, həmin ilin dekabrında ölkələrinə təhvil verildilər.

1988-ci ildə gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalara səbəb olmuşdu. Son illər həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə iki ölkə arasında ayrı-ayrılıqda danışıqlar getsə də, hələlik, sülh sazişi imzalanmayıb.