İsveçrədə beşgünlük matəm elan edilib

Polis əməkdaşları Kran-Montanadakı "Le Constellation" barında partlayış yerində keşik çəkirlər.

İsveçrədə dağ-xizək kurortunda yanğında ölənlərə görə beşgünlük matəm elan edilib. Yanğında təxminən 40 nəfər həlak olub, 115-dən çox insan ciddi yanıq xəsarətləri alıb.

"Reuters" xəbər verir ki, qurbanların yekun sayını müəyyənləşdirmək bir neçə gün çəkə bilər.

İtkin düşən yeniyetmələrin valideynləri, xarici səfirliklər vətəndaşlarının qurbanlar, yaralılar arasında olub-olmamasını öyrənməyə çalışır. Rəsmilər ekspertlərin yanmış cəsədlərdən diş və DNT nümunələrini araşdırdığını bildirib.

Yerli xəstəxanaların ağır yanıq xəsarətləri alanlarla dolu olduğu xəbər verilir.

Təhqiqatçılar terrorçuluq, qəsdən yandırma əlamətlərinin olmadığını bildiriblər. Yerli media yanğına pirotexnikanın səbəb olması ehtimalından yazıb. Şahidlərə görə, ofisiantlardan biri, əlində pirotexnika və ya benqal şamı tutan iş yoldaşını tavana çox yaxınlaşdırıb, bu isə yanğına səbəb olub.

1 yanvar

İsveçrədə dağ-xizək kurortunda partlayış olub. Ölənlər var

İsveçrənin Kran-Montana dağ-xizək kurortundakı "Le Constellation" barında partlayış və sonrakı yanğın nəticəsində azı 40 nəfər ölüb, təxminən 100 nəfər yaralanıb.

"Reuters"in məlumatına görə, partlayış yerli vaxtla saat 01:30 radələrində Yeni ilin gəlişinin qeyd olunduğu barda baş verib. Polis rəsmisinin sözlərinə görə, hadisə zamanı içəridə 100-dən çox insan olub.

Hüquq-mühafizə qurumları partlayışın mənbəyinin araşdırıldığını bildiriblər. Jurnalistlərin məlumatına görə, partlayışa pirotexnikadan istifadə səbəb ola bilərdi.

Barın ətrafı mühasirəyə alınıb, ərazi üzərində uçuşlar qadağan edilib. RTS telekanalının xəbərinə görə, İsveçrənin cənub-qərbindəki xəstəxanalar "ağır yanıqları olan xəstələri" müalicə etmək üçün səfərbər olunub.

Kran-Montana kurortu İsveçrə Alp dağlarının mərkəzində, Vale kantonunda yerləşir.