Azərbaycan banklarında istehlak kreditlərinin həcmi 10 milyard manatı keçib. Bu il avqustun 1-nə olan rəsmi statistikaya əsasən, bu göstərici ümumi kredit portfelinin 31.3 faizinə bərabərdir. Portfelin 45 faizini biznes, yerdə qalan hissəsini isə ipoteka kreditləri təşkil edib.
Azərbaycanda son illər istehlak kreditləri durmadan artır. Elə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak kreditlərində təqribən 1 milyard manat artım var.
İstehlak kreditləri (ehtiyac krediti) banklardan və ya kredit təşkilatlarından şəxsi məqsədlər üçün alınan nağd kredit növüdür. İnsana məişət texnikası, ev təmiri, tibbi xərclər, səyahət və ya təhsil kimi xərclər üçün əlavə maliyyə dəstəyi sayılır.
3 il əvvəl - avqustun 1-nə olan göstəricilərə görə, portfeldə istehlak kreditləri cəmi 6.3 milyard təşkil etmişdi.
İqtisadçılar istehlak kreditlərində belə kəskin artımı çox mənfi hal kimi dəyərləndirirlər. Onların fikrincə, bu əhalinin güzəranın getdikcə pisləşməsinin göstəricisidir.
İqtisadçı rəyi
İqtisadçı Natiq Cəfərli də Facebook səhifəsində yazıb ki, belə kəskin artımın səbəbi bir tək vətəndaşın irrosional davranışı, kredit götürmək həvəsinin artması deyil, həm də, əhalinin real gəlirlərinin azalmasıdır: "Bundan başqa, məncə, son zamanlar istehlak, nağd kreditlərin artma səbəblərindən biri də kiçik sahibkarların boğulmasıdır – onlar məcbur qalıb nağd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər".
Amma mövzu ilə bağlı fərqli düşünən iqtisadçılar da var. Onlardan bəziləri də hesab edirlər ki, kredit hər kəs üçün əlçatan olanda bir çox insanlar lazımsız yerə də kreditlər götürürlər.