Ukrayna və İsrail arasında 'oğurlanmış buğda' qalmaqalı

Ukraynanın işğal olunmuş Mariupol limanında "Mejdureçensk" yük gəmisinə buğda yüklənir.

Ukrayna İsraili Rusiyanın işğal olunmuş ərazilərdən oğurladığı bildirilən taxılın gəmidən boşaldılmasına icazə verməməyə çağırıb. Bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa "X" platformasında məlumat paylaşıb. İsrailli həmkarı Gideon Saar ona elə həmin platforma üzərindən açıq cavab verib.

AzadlıqRadiosunun rus xidmətinin məlumatına görə, söhbət Hayfa limanına yan alan "Panormitis" gəmisindən gedir. "Haaretz" qəzeti gəminin boşaldılma növbəsini gözlədiyini, İsrailin isə bu il ərzində Ukrayna taxılını daşıyan artıq dördüncü belə gəmini qəbul etdiyini yazır.

"Reuters" və "Axios"un məlumatına görə, Kiyev İsrailin bu addımına kəskin diplomatik və hüquqi cavab verə biləcəyini bəyan edib. Ukrayna diplomatik mənbələri bildirir ki, "oğurlanmış malların yuyulması praktikası qəbuledilməzdir və İsrail əvvəlki gəmilərlə bağlı tələblərimizi faktiki olaraq nəzərə almayıb".

Nazirlərin "X" yazışması

A.Sibiqa "X"də yazıb ki, Rusiyanın qeyri-qanuni taxıl ticarəti iki ölkə arasındakı münasibətləri sarsıtmamalıdır: "Hayfaya oğurlanmış yük gətirən əvvəlki gəmi ilə bağlı sorğumuza adekvat reaksiya verilməməsini anlamaq çətindir. Hazırda Hayfa limanına daha bir analoji gəminin daxil olduğunu nəzərə alaraq, İsraili oğurlanmış taxılı qəbul etməməyə və ikitərəfli münasibətlərə zərər vurmamağa çağırırıq".

İsrailin xarici işlər naziri Q.Saar isə həmkarına cavabında vurğulayıb ki, dost ölkələr arasında diplomatiya sosial media üzərində qurulmur: "İttihamlar hələ sübut demək deyil. Bu iddiaları təsdiqləyən dəlillər indiyədək təqdim olunmayıb".

Saar məsələnin araşdırılacağını əlavə edib.