Toyxananın üstündə “uçuşlarsız zona” ola bilərmi?

Bar Refaeli

Belə bir rica ilə İsrailin məşhur modeli müraciət edib və onun bu ricası qəbul olunub

İsrail supermodeli Bar Refaeli onun toy məclisi keçiriləcək məkanın üzərində “uçuşlarsız zona” elan edilməsini istəyib. Bu istəyə ölkənin Mülki Aviasiya Hakimiyyətinin münasibəti müsbət olub.

Lakin indi mülki aviasiya idarəsi ilə nəqliyyat naziri arasında böyük bir mübahisə başlanıb.

Nazir çəkişməsi

İsrailin nəqliyyat naziri Yisrael Katz deyib ki, aviasiya idarəsi ölkənin şimalındakı otellərdən biri üzərində səmaları bağlayarsa, bu idarənin rəisi Joel Feldschuh-u işdən qovacaq.

Ötən gecə İsrail səmalarının açıq, yoxsa bağlı olduğu haqda bir məlumat yoxdur və ölkə mediası bu barədə ziddiyyətli xəbərlər yayır.

İsrailin “baş modeli”, 30 yaşlı Refaeli və yəhudi milyarder Adi Ezranın toy məclisi Hayfa şəhəri yaxınlığındakı Carmel Forest kurortunda keçirilməliydi.

Səma bütün xalqındır

İsrail mətbuatının yazdığına görə, təzə bəy-gəlin ərazi üzərində “fotosessiya və nəqliyyat” məqsədi ilə 5 dron, iki helikopter və bir müşahidə balonu uçurmaq niyyətində olublar.

Mülki aviasiya idarəsi toy sahiblərinin ricasını yerinə yetirməyə razılıq verəndə, bunu başqa təyyarələrin təhlükəsiz uçuşunun təmin olunması zərurəti ilə izah etmişdi.

Lakin İsrailin nəqliyyat naziri Katz deyib ki, “səma bütün israillilərə məxsusdur” və heç bir səbəblə qapalı elan edilə bilməz.

Xanım Refaeli ikinci dəfədir ki, ərə gedir. O bir vaxtlar Hollivud ulduzu Leonardo Di Caprio-nun sevgilisi olub.