Xülasə
- Mənbələrə görə, Vaşinqton Nyu-Yorkda BMT Baş Assambleyasından öncə danışıqlarda irəliləyişin əldə olunmasına çalışır.
- Suriya İsrailin son aylarda işğal etdiyi ərazilərdən geri çəkilməsini, 1974-cü il atəşkəs razılaşması ilə yaradılmış bufer zonanın bərpasını istəyir.
- Suriya rəsmisinin "Reuters"ə dediyinə görə, prezident Əhməd əş-Şaraa anlayır ki, Colan Təpələri ilə bağlı hər hansı güzəşt onun hakimiyyətinin sonu demək olar.
Suriya və İsrail ABŞ-nin təzyiqi altında təhlükəsizlik paktı üzrə danışıqları sürətləndirir. Dəməşq ümid edir ki, bu razılaşma ilə İsrailin son zamanlar işğal etdiyi torpaqları geri qaytaracaq. Amma "Reuters"ə danışan, danışıqlarla tanış mənbələr razılaşmanın yekun sülh müqaviləsindən çox uzaq olacağını deyiblər.
Dörd mənbə agentliyə bildirib ki, Vaşinqton bu ayın sonunda Nyu-Yorkda BMT Baş Assambleyasından öncə elə bir irəliləyişin əldə olunmasına çalışır ki, prezident Donald Tramp bunu proqres kimi elan edə bilsin.
Mənbələrə görə, hətta ortabab razılaşma belə böyük uğur sayılacaq. Çünki İsrail aylardır danışıqlarda sərt mövqe tutub, Suriya isə cənub bölgəsindəki məzhəb münaqişələrindən dolayı zəif durumdadır, ölkənin parçalanmasına çağırışlar artıb.
Suriyanın təklifi
"Reuters"in mənbələri deyirlər ki, Suriya İsrailin son aylarda işğal etdiyi ərazilərdən geri çəkilməsini, 1974-cü il atəşkəs razılaşması ilə yaradılmış bufer zonanın bərpasını, İsrailin Suriyaya hava zərbələri və quru əməliyyatlarını dayandırmasını istəyir. Danışıqlarda İsrailin 1967-ci il müharibəsində işğal etdiyi Colan Təpələrinin statusunun müzakirə olunmadığı, bu məsələnin gələcəyə saxlanıldığı bildirilir.
İki ölkə 1948-ci ildə İsrail dövləti yaranandan texniki olaraq müharibə vəziyyətindədir. Suriya İsrail dövlətini tanımır. Ötən ilin dekabrında Təl-Əviv 1974-cü il atəşkəs razılaşmasından çıxıb, Suriyada hərbi obyektlərə zərbələr endirib, qoşunlarını Dəməşqin 20 kilometrliyinə göndərib. Mənbələr İsrailin əldə etdiklərindən imtinaya həvəs göstərmədiyini deyirlər.
İsrail əsgərləri Colan Təpələrində təlim keçərkən texnikalarını yoxlayırlar.
"Reuters" İsraildən danışıqlarla bağlı açıqlama ala bilməyib. Dövlət Departamenti rəsmisi isə deyib ki, "Vaşinqton İsrail, Suriya və onların qonşuları arasında davamlı sabitlik və sülh gətirəcək istənilən səyləri dəstəkləyir".
İsrail Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şəraanın keçmiş cihadçı bağlarına dayanaraq onun hökumətinə ədavətli yanaşır. Amma Vaşinqton danışıqları təşviq edir, Donald Trampın birinci administrasiyası dövründə imzalanmış İbrahim Sazişləri çərçivəsində İsraillə sülh sazişi bağlayan ölkələrin sayını artırmaqda maraqlıdır.
İsrailin tələbi
İsrail və Suriya arasında ilk təmaslar əş-Şəraanın apreldə Birləşmiş Ərəb Əmirliklərinə səfərindən sonra Əbu-Dabidə başlayıb. Tərəflər iyulda Bakıda görüşüblər.
Bir neçə gün sonra isə Suriya qoşunlarını cənub-qərbi Süveyda bölgəsinə göndərdi, bədəvi və druzlar arasında məzhəb zorakılığını yatırmağa çalışdığını bildirdi. İsrail isə bununla neytral zonanın pozulduğunu bildirdi, Dəməşqdəki müdafiə nazirliyini bombaladı.
ABŞ-nin vasitəçiliyi ilə atəşkəs əldə olunandan bir ay sonra Parisdə ikitərəfli danışıqlar bərpa olundu.
İsrail Suriyanın cənubundan o halda çıxacağını bildirir ki, əş-Şaraa Colandan əl çəksin.
Suriya rəsmisinin "Reuters"ə dediyinə görə, əş-Şaraa anlayır ki, Colan Təpələri ilə bağlı hər hansı güzəşt onun hakimiyyətinin sonu demək olar. O, ABŞ-nin elçisi Tom Barraka açıq deyib ki, təhlükəsizlik paktı 1974-cü il sərhədlərinə əsaslanmalıdır.
"Əl-Ərəbiyyə" isə diplomatik mənbələrə istinadla Suriya və İsrail rəsmilərinin cümə günü Bakıda görüşəcəyini yazıb.