İsrailin Müdafiə Ordusu (SAXAL) Qəzza şəhərinin 40 faizinə nəzarət edir, yaxın günlərdə əməliyyat genişlənəcək. Bunu SAXAL-ın rəsmi təmsilçisi Efi Defrin bildirib.
Şəhərin yüz minlərlə sakininin təxliyəsi üçün infrastruktur hazırlanır. Son iki həftədə 70-80 min nəfərin təhlükəsiz zonalara köçürüldüyü bildirilir.
İsraildə onu da bəyan edirlər ki, ABŞ və Avropa İttifaqının terror təşkilatı kimi tanıdığı HAMAS Fələstin qruplaşması təxliyəyə mane olur, mülki şəxslərdən canlı qalxan kimi yararlanır, təbliğat kampaniyası aparır.
HƏMAS isə hərtərəfli razılaşma təklif edib: bütün israilli girovlar fələstinli məhbuslarla dəyişdirilsin, müharibə dayandırılsın, İsrail qoşunları çıxarılsın, humanitar yardım üçün keçidlər açılsın, sektor üzərində müstəqil idarəçilik qurulsun. Təklifdə HƏMAS-ın tərksilahı yer almayıb.
İsrail hakimiyyəti təklifi rədd edib. Baş nazir Benyamin Netanyahunun ofisi vurğulayıb ki, müharibə yalnız bütün girovların azad edilməsi, HAMAS-ın tam tərksilahı, sektorun demilitarizasiyası və təhlükəsizliyə İsrail nəzarətinin təmin olunması ilə başa çata bilər.
ABŞ prezidenti Donald Tramp HAMAS-ı bütün sağ girovları dərhal qaytarmağa çağırıb və müharibənin tezliklə bitəcəyini vəd edib.
2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 60 mindən çox insanın öldürüldüyü bildirilir. HƏMAS-ın nəzarətində olan ərazinin səhiyyə nazirliyinin məlumatına görə, indiyədək 200-ə yaxın şəxs aclıqdan həyatını itirib və onların arasında uşaqlar çoxluq təşkil edir.
Son bilgilərə görə, Qəzzada 48 israilli girov qalıb, onlardan təxminən 20-si sağdır.