Noyabrın 12-nə keçən gecə İsrail hərbçiləri Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) ilə birlikdə Qəzza sektorunun cənubundakı Xan-Yunis şəhərində yerləşən "Nasir" xəstəxanasına zərbə endiriblər. İsrail ordusunun məlumatına görə, hücumun hədəfi ABŞ və Avropa İttifaqının terror təşkilatı kimi tanıdığı HƏMAS qruplaşmasının yüksəkrütbəli komandirləri olub. Daha sonra İsrail Müdafiə Qüvvələri (SAXAL) zərbə nəticəsində HƏMAS-ın Xan-Yunis bölgəsi üzrə briqada komandiri Məhəmməd Əbu İsmayılın öldürüldüyünü təsdiqləyib. Qruplaşmanın digər komandirləri də hücuma məruz qalıblar.
İsmayılın briqadanın fəaliyyətini əlaqələndirdiyi, eləcə də İsrail hərbçilərinə və mülki şəxslərinə qarşı əməliyyatların keçirilməsinə əmr verdiyi iddia olunur. O, HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumu zamanı girov götürülmüş çoxsaylı şəxslərin saxlanılmasına görə də məsuliyyət daşıyıb.
İsrail ordusu bildirir ki, HƏMAS nümayəndələri xəstəxana ərazisində komanda məntəqəsi yaradıblar. Zərbədən əvvəl mülki əhalinin xəbərdar edilməsi üçün tədbirlər görüldüyü vurğulanır.
Qəzzanın Mülki Müdafiə Xidmətindən isə bildirilib ki, zərbə xəstəxananın cərrahiyyə şöbəsinə endirilib. Nəticədə azı altı nəfər həlak olub, təxminən 20 nəfər yaralanıb. Ölənlər arasında cərrah həkimin, yaralananlar arasında isə mülki şəxslərin olduğu iddia edilir. Öldürülən HƏMAS döyüşçülərinin sayı barədə məlumat verilmir. Qruplaşma bu hücumu "hərbi cinayət" adlandırıb.
Qəzzanın bir hissəsi hələ də HƏMAS-ın nəzarətindədir və bir ildən çoxdur ki, orada atəşkəs rejimi qüvvədədir. İsrail HƏMAS-la əlaqəli konkret şəxsləri zərərsizləşdirmək məqsədilə vaxtaşırı hədəfli zərbələr endirir.
Ötən ilin oktyabrından bəri Qəzzada 1500-dən çox fələstinlinin həlak olduğu bildirilir. Onlardan neçəsinin HƏMAS-la əlaqəli olduğu açıqlanmır.