İsrail Qəzzanı bombalayır, minlərlə fələstinli qaçmağa çalışır

Qəzza zolağı ilə həmsərhəd olan İsrailin cənubu

Dekabrın 27-də İsrail qüvvələri Qəzzanın mərkəzini qurudan, dənizdən və havadan atəşə tutub, Fələstin hakimiyyəti onlarla insanın həlak olduğunu bildirir. BMT isə minlərlə insanın döyüş zonasından çıxmağa çalışdığını bəyan edib.

İsrail ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşmasına qarşı müharibənin aylarla çəkəcəyini bildirib. Təl-Əviv onu da deyib ki, HƏMAS-ın müttəfiqi "Hizbullah"ın yerləşdiyi şimal qonşusu Livanın ərazisindən hücumlara reaksiyasını gücləndirəcək.

Qəzzadakı səhiyyə nazirliyi dekabrın 27-də İsrailin hava zərbəsindən 20 fələstinlinin həlak olduğunu bildirib. Zərbələrin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində Əl-Amal xəstəxanası yaxınlığına endirildiyi qeyd olunur. İsrail ordusu bu məlumatı şərh etməyib.

Qəzzanın mərkəzində də zərbələrdən ölənlər var.

İsrail ordusu Qəzzada daha üç hərbçisinin həlak olduğunu açıqlayıb. Bununla da quru əməliyyatları başlanandan öldürülən israilli hərbçilərin sayı 166-ya çatıb.

Müharibə Qəzzanın oktyabrın 7-də İsrailə hücumundan sonra başlayıb. Həmin hücumda min 200 nəfər öldürülüb, 240 nəfər girov götürülüb. Girovların bir qismi hələ də buraxılmayıb.

Qəzzada humanitar vəziyyət

İsrailin baş naziri Binyamin Netanyahu bu hücuma Qəzzanın bombardman etməklə cavab verib, HƏMAS-ın idarəçiliyində olan anklavın çox hissəsi yerlə yeksan edilib.

Qəzzadakı səhiyyə nazirliyi son bir sutkada 195 fələstinlinin öldürüldüyünü, 325 nəfərin yaralandığını bildirib.

Ümumilikdə isə oktyabrın 7-dən bəri Qəzzada ölü sayı 21 mini, yaralıların sayı 55 mini keçib.

Anklavın 2.3 milyonluq əhalisi, əsasən, evindən didərgin düşüb.

Bu arada İsrailin şimal sərhədinin "Hizbullah" tərəfindən raket və dron atəşinə tutulduğu bildirilir. İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərini, Livandakı digər məkanlarını hərbi təyyarələrlə hədəfə alıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dekabrın 27-də qeyd edib ki, əməkdaşları Xan Yunisə və mərkəzi bölgələrə ağır zərbələrdən on minlərlə insanın uzunqulaq, yaxud maşınlarla qaçmağa çalışdığını görüb. Yolun kənarında müvəqqəti sığınacaqlar da qurulur.