İsrail Qəzza filminin müəlliflərini vətəndaşlıqdan məhrum etməklə hədələyir

Rahel Şor və Yuval Abraham

İsrailin mədəniyyət naziri Miki Zoar Qəzza zolağındakı müharibə barədə "NAZA" sənədli filminin rejissorları Yuval AbrahamRahel Şorun vətəndaşlıqdan məhrum edilməsinə çalışacağını bildirib. Bu film Venesiya Film Festivalında Münsiflər Heyətinin Xüsusi Mükafatına layiq görülüb.

Zoar filmi "dövlətə xəyanət" adlandıraraq yaradıcılarını dünyadakı antisemitlərin rəğbətini qazanmaq naminə öz vətənlərinə ziyan vurmağa hazır olmaqda ittiham edib. Nazir Abraham və Şorun İsrail vətəndaşlığından məhrum edilməsi proseduruna dərhal başlayacağını deyib.

"Current Time" yazır ki, İsrail qanunvericiliyi vətəndaşlıqdan məhrumetməyə imkan verir, amma bu, çox nadir hallarda tətbiq olunur. Bu prosedur üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb edilir. Mədəniyyət Nazirliyi rejissorları vətəndaşlıqdan məhrum edə bilməz.

"NAZA" filmi 2023-cü il oktyabrın 7-də Fələstin qruplaşmalarının İsrailin cənubuna hücumundan sonra İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlara həsr olunub. Filmdə hava zərbələr zamanı mülki əhali arasında ehtimal olunan itkilərin qiymətləndirilməsi prosedurundan da söz açılır. Filmin adı İsraildə hərbi kontekstdə işlədilən "nezek agavi" – yəni "yanaşı zərər" ifadəsinin abreviaturasıdır.

SAXAL hərbçilərin bu məlumatlara çıxışı olmadığını bildirib

Filmin müəllifləri İsrail ordusunun və kəşfiyyatının 24 əməkdaşından müsahibə alıblar. Onların üzləri gizlədilib, səsləri isə dəyişdirilib. Filmdə hədəflərin seçilməsi zamanı süni intellekt sistemlərindən istifadədən də bəhs olunur.

"NAZA" sentyabrın 12-də Venesiya Film Festivalında Xüsusi Münsiflər Mükafatına layiq görülüb. Ümumilikdə film beş mükafat qazanıb.

Premyeradan sonra tamaşaçılar filmin yaradıcılarını 25 dəqiqə ayaqüstə alqışlayıblar. Ekran işinin istehsalını Britaniyanın "The Guardian" nəşri maliyyələşdirdiyi üçün o, festivalda Britaniya filmi kimi təqdim olunub.

İsrail Müdafiə Ordusu (SAXAL) bundan əvvəl filmdə səslənən bir sıra iddiaları rəsmən təkzib edib. Ordu bildirib ki, bəzi anonim müsahiblər dövlət və hərbi strategiya barədə mülahizələr irəli sürürlər, lakin filmdə çəkilən həmin hərbçilərin bu məlumatlara çıxışı ola bilməzdi.

Abraham və Şor bundan əvvəl İordan çayının qərb sahilində yaşayan fələstinlilərdən bəhs edən "Başqa torpaq yoxdur" sənədli filmin ərsəyə gəlməsində iştirak ediblər. Film 2025-ci ildə "Ən yaxşı sənədli film" nominasiyasında "Oskar" mükafatına layiq görülüb.

Xatırlatma

2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu nəticəsində 1200 nəfərin öldürüldüyü, 250-dən çox insanın isə girov götürüldüyü açıqlanıb. İsrailin bu hücuma cavab olaraq Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 70 min insanın həlak olduğu bildirilir.

Ötən ilin oktyabrında ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Qəzzada atəşkəs əldə olunsa da, həmin vaxtdan bəri atəşkəs rejimi dəfələrlə pozulub.