İsrail ordusu Livanda 'Hizbullah' və HƏMAS obyektlərini vurduğunu bildirir

İsrailin Livanın cənubundakı Annan kəndinə zərbəsi.

İsrail Müdafiə Ordusu (SAXAL) Livanda "Hizbullah" və HƏMAS-ın infrastruktur obyektlərinə zərbələr endirdiyini bildirir. ABŞ və İsrail "Hizbullah"ı terror təşkilatı kimi tanıyır, Livanda isə bu silahlı təşkilat qanuni siyasi qüvvə kimi fəaliyyət göstərir. HƏMAS ABŞ və Aİ-də terror təşkilatı kimi tanınır.

SAXAL-ın məlumatına görə, zərbələrlə bir neçə silah anbarı, yerüstü və yeraltı hərbi qurğular, Livanın cənubunda HƏMAS-a məxsus silah istehsalı meydançaları hədəfə alınıb. Bu obyektlərdən hərbi gücün artırılması, İsrail hərbçilərinə qarşı terror aktlarının törədilməsi üçün istifadə edildiyi bildirilir. Obyektlərin mülki yaşayış məntəqələrində yerləşməsi isə "terror təşkilatlarının Livanın dinc sakinlərindən canlı qalxan kimi istifadəsinin nümunəsi" adlandırılır. Ordu əhaliyə xəbərdarlıq edilməsi yönündə tədbirlər görüldüyünü bildirir.

"The Associated Press" yazır ki, İsrail Hərbi Hava Qüvvələri Livanın cənub və şərq bölgələrinə, eləcə də ölkənin üçüncü ən böyük şəhəri olan Sidona zərbələr endirib. Zərbələrdən birinin Sidonda üçmərtəbəli kommersiya binasını tamamilə dağıtdığı iddia olunur.

Livan prezidenti Jozef Aun hücumları pisləyib. O bildirib ki, bu zərbələr həm döyüşləri səngitməyə yönəlik beynəlxalq səylərə, həm də Livanın səylərinə ziddir. Livan hökuməti uzun müddət "Hizbullah"ın nəzarətində olmuş ərazilərdə hakimiyyətini genişləndirməyə, silahlı dəstələrin tərksilah olunmasına çalışır.