İsrailin İrana cavab hücumu...

İsfahandakı hərbi baza yaxınlığında partlayış səsləri eşidilib

İsrail aprelin 13-dən 14-nə keçən gecə hücuma cavab olaraq İranda bir obyektə raket zərbəsi endirib. Bu barədə aprelin 19-da səhər saatlarında "ABC News" ABŞ rəsmisinə istinadən məlumat yayıb.

İranın İsfahan şəhərindəki hava limanı və 8-ci Hərbi Hava Qüvvələrinin bazası yaxınlığında üç güclü partlayış səsi eşidilib.

İran kütləvi informasiya vasitələrinin (KİV) məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan üzərində bir neçə dronu vurub.

İsrailin İran ərazisinə zərbəsi məhdud olub, - "Fox News" ABŞ-dakı hərbi mənbəyə istinadən yazıb.

İran rəsmisi də, öz növbəsində, İsrailin zərbə zamanı raketlərdən istifadə etmədiyini bildirib, partlayış səsləri isə hava hücumundan müdafiənin işi ilə əlaqədardır – "Reuters" xəbər verir.

"The New York Times" İran mənbələrinə istinadən hücumların hədəfinin İslam Respublikasının 8-ci Hərbi Hava Qüvvələrinin "Şəkəri" bazası olduğunu bildirib

"Bloomberg" məlumatlı mənbəyə istinadən yazır ki, İsrail İrana qarşı cavab tədbirləri planları barədə ABŞ-ı əvvəlcədən xəbərdar edib.

Eyni zamanda, ABŞ hakimiyyəti belə bir hücumu dəstəkləməyib, - Ağ Evdəki mənbə CNN-ə aydınlıq gətirib.

Ağ Ev: ABŞ İranla müharibəyə can atmır

Amerika Birləşmiş Ştatları (ABŞ) İsrailə özünü təhdidlərdən qorumağa kömək etməyə davam edəcək. Lakin İranla müharibə və ya Yaxın Şərqdə münaqişənin genişlənməsinə can atmır.

Bunu aprelin 14-də ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi İranın həmin günün gecəsi İsrailə yüzlərlə dron və raketlərdən istifadə etməklə həyata keçirdiyi hücumu dəyərləndirərkən deyib.

Tehran bu hücumun İranın Dəməşqdəki konsulluğuna endirilən zərbəyə cavab olduğunu və əməliyyatın məqsədlərinə çatdığını bildirir (Aprelin 2-də İranın Suriyadakı diplomatik missiyasının ərazisinə İsrailin ehtimal edilən hava hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 üzvü həlak olub). İran hazırda münaqişəni daha da gərginləşdirməyə çalışmadığını, əksinə, İsrailin onun ərazisinə hücumlar edəcəyi təqdirdə daha güclü zərbələrlə buna qarşılıq verəcəyini bəyan edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Növbəti hədəf ola bilər' - İranın İsrailə hücumu. ABŞ müttəfiqləri toplayır

Bundan əvvəl Amerika mediası Ağ Evdəki yüksək vəzifəli məmurlara istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbətində ölkəsinin İrana qarşı heç bir hücum əməliyyatında iştirak etməyəcəyini bildirib. Eyni zamanda o, Netanyahunu əmin edib ki, ABŞ İsraili qorumağa sadiqdir. ABŞ aprelin 14-ü gecə İsrailə hücumun dəf olunmasında iştirak edib.

İsrail Müdafiə Ordusunun məlumatına görə, İran tərəfindən buraxılan raketlərin və dronların 99 faizi, ümumilikdə 300-dən çoxu (əksəriyyəti də İsrail ərazisindən kənarda) vurulub. İsrail Neqev səhrasındakı bir hərbi bazaya cüzi ziyan dəydiyini bildirib.

İran isə öz növbəsində, İsraildə nəzərdə tutulan bütün hərbi obyektləri vurduğunu iddia edir.

"ABC News" bir ABŞ rəsmisinə istinadən İranın azı doqquz raketinin İsrailin hava hücumundan müdafiə sistemini keçərək iki hava bazasını vurduğunu xəbər verir. Bildirildiyinə görə, beş raket İsrailin "Nevatim" aviabazasına düşüb, C-130 nəqliyyat təyyarəsinə, uçuş-enmə zolağına və anbar obyektlərinə ziyan vurub. Dörd raketin isə İsrailin Neqev səhrasındakı hava bazasına düşdüyü vurğulanıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Qorxuruq... İran böyük dövlətdir'. İsrailli sakinlərlə söhbət

"Uyğun gördüyü vaxt və şəkildə"

İsrail Nazirlər Kabineti İrana mümkün cavabları müzakirə edir. Medianın məlumatına görə, sərt xətt tərəfdarları İrandakı hədəflərə birbaşa zərbə endirilməsinin tərəfdarıdırlar. "The New Times" qəzetinin yazdığına görə, birbaşa zərbə hazırlanırdı, lakin Netanyahu ilə Bayden arasında telefon danışığından sonra, Vaşinqtonun rəyi nəzərə alınaraq, onun ləğv olunduğu və ya təxirə salındığı ehtimal edilir.

İsrail hərbi kabinetinin üzvü Benni Qants Tehrana qarşı "regional koalisiya"dan danışaraq qeyd edib ki, ölkəsi İrana "uyğun gördüyü vaxt və şəkildə" cavab verəcək. Bəzi fikirlərə görə, bu bəyanatlar onu göstərə bilər ki, İrana qarşı təcili cavab tədbirləri hazırda İsrailin prioriteti deyil.

Agentliklər aprelin 14-də bildiriblər ki, İran hücumdan əvvəl Birləşmiş Ştatların NATO müttəfiqi olan Türkiyəni bununla bağlı məlumatlandırıb və ABŞ da, öz növbəsində, Ankara vasitəsilə Tehrana zərbələrin "müəyyən hədləri" aşmayacağı barədə gözləntilərini çatdırıb. Söhbət diplomatik mənbələrdən alınan qeyri-rəsmi məlumatdan gedir. Onlar qeyd edirlər ki, İsrail ordusunun hava hücumundan müdafiə sistemləri ilə təchizat dərəcəsi və müttəfiqlərinin köməyi nəzərə alınmaqla, İran, ehtimal, hücumun, əsasən, nümayiş xarakteri daşımasını nəzərdə tuturdu.