İranda İsrailə casusluqda suçlanan şəxs edam edilib

Babək Şahbazı

İran sentyabrın 17-də İsrail üçün casusluq etdiyi iddia olunan bir məhbusun edam olunduğunu açıqlayıb. Fəallar isə bu iddianı təkzib edərək deyirlər ki, həmin şəxs saxta etiraf verməsi üçün işgəncələrə məruz qalıb.

Ədliyyəyə bağlı "Mizan" xəbər agentliyi edam edilən şəxsin Babək Şahbazı olduğunu yazıb. Onun İranın data mərkəzləri və təhlükəsizlik obyektlərinə dair həssas məlumatları toplayıb İsrail agentlərinə satdığı iddia edilir.

Fəallar isə Şahbazının Ukrayna prezidenti Volodimir Zelenskiyə məktub yazdığına görə saxlanıldığını bildirirlər. Məktubda o, Zelenskiyə Kiyev üçün döyüşmək istədiyini yazıb.

Moskva İranın verdiyi dronlardan Ukraynaya hücumlarda istifadə edir.

Osloda yerləşən "İran İnsan Haqları" qrupu Şahbazının edam edilə biləcəyi haqda xəbərdarlıq yaymışdı.

Fəallar İranda edam növbəsini gözləyən məhbusların olduğunu deyirlər.

Tehran İsraillə iyunda 12 günlük müharibədən sonra bu ölkəyə casusluq ittihamıyla səkkiz nəfəri edam edib.

İsrailin İrana hava zərbələri 1100-ə yaxın insanın, bir sıra hərbi komandirin həyatına son qoyub. İran da cavabında İsrailə hədəfli raket zərbələri endirib.

BMT İranda ötən il azı 975 nəfərin edam olunduğunu bildirir. "İran İnsan Haqları" isə bu il artıq 940-dan çox edamın gerçəkləşdiyini qeyd edir.