Xan Yunisdə döyüşlər gedir. BMT sığınacağı vurulub

İsrailin bombardmanları zamanı Qəzza zolağının cənubundakı Xan Yunis

Yanvarın 25-də İsrail Qəzzanın cənubundakı Xan Yunis şəhərinə hava zərbələrini və quru əməliyyatlarını gücləndirib. BMT isə bir gün öncə sığınacağının tank atəşinə tutulmasından doqquz nəfərin həlak olduğunu bildirib.

İsrail ordusu Xan Yunisi mühasirəyə saldığını deyir. ABŞ və Aİ-nin terrorçu kimi tanıdığı HƏMAS radikal qruplaşması isə şəhərin mərkəzində və qərbində ağır toqquşmaların getdiyini bəyan edib.

HƏMAS yanvarın 25-də səhər bir düşərgənin bombardman olunması nəticəsində dörd uşağın öldürüldüyünü bildirir.

BMT sığınacağı necə vurulub

Dünən BMT sığınacağına zərbə doqquz nəfərin ölümü, 75 nəfərin yaralanması ilə nəticələnib. Ölü sayının arta biləcəyi qeyd olunub. Məlumata görə, düşərgə üzərinə aydın şəkildə BMT obyekti olduğu həkk edilib, koordinatları İsrail orqanları ilə paylaşılıb.

İsrail ordusu insidentlə bağlı AFP-yə deyib ki, yaxınlıqdakı qüvvələrin əməliyyatları dərindən nəzərdən keçirilir.

ABŞ hücumu pisləyib. Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib ki, "dinc sakinlər qorunmalıdır, BMT obyektlərinin mühafizə olunmasına hörmət edilməlidir".

Qəzzadakı müharibə HƏMAS-ın oktyabrın 7-də misilsiz hücumu ilə başlanıb, İsraildə min 200-ə yaxın insan öldürülüb, 240 nəfər girov götürülüb, bir qismi sonradan azad edilib. İsrail 132 nəfərin Qəzzada girov saxlandığını bildirir. Onlardan azı 28-nin isə artıq ölməsi barədə məlumatlar var.

İsrailin amansız cavab hücumunda Qəzzada 26 minə yaxın insanın öldürüldüyü bildirilir ki, onların da 70 faizə yaxını qadınlar və uşaqlardır. Açıqlamanı HƏMAS-ın nəzarətində olan ərazidəki səhiyyə nazirliyi yayıb.

Netanyahuya təzyiqlər

Baş nazir Binyamin Netanyahu hökuməti atəşkəs çağırışları ilə üzləşib. Bu, yanvarın 22-də Qəzzada bir gündə 24 əsgərin həlak olmasından sonra daha da intensivləşib.

İsraildə etirazçılar "Qan axıdılmasını dayandırın" yazılmış plakat qaldırıblar.

Netanyahu isə yanvarın 23-də parlamentdə deyib ki, "HƏMAS-ın təcavüz və şəri" bitənəcən döyüş dava edəcək.

"Bu, evimiz üçün apardığımız müharibədir", -- Netanyahu vurğulayıb.

Bu arada ABŞ prezidenti Co Baydenin (Joe Biden) Yaxın Şərq üzrə elçisi Brett Makqerkin (Brett McGurk) regionda olduğu, qalan girovların atəşkəsə fasilə verilməsi qarşılığında azad edilməsi üçün yeni sövdələşməyə vasitəçilik etdiyi bildirilir.