İsrail Qəzzanın mərkəzində 21 hərbçisinin öldürüldüyünü deyir

İsrail hərbçiləri Qəzza zolağında

İsrail ordusu Qəzzanın mərkəzində HƏMAS radikal qruplaşmasının hücumunda 21 hərbçisinin öldürüldüyünü bildirir. Onlardan 10-nun adları açıqlanıb.

HƏMAS-ı ABŞ və Aİ terrorçu təşkilat sayır. Ötən il oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edəndən sonra İsrail Qəzzanı bombalamağa başlayıb.

İsrail mediası yazır ki, hərbçilər Qəzzanın mərkəzində iki evi dağıtmaq üçün partlayıcılar quraşdırırmışlar. Bu zaman bir silahlı yaxınlıqdakı tanka reaktiv qumbara atıb. Partlayış nəticəsində partlayıcılar işə düşüb, ikimərtəbəli binalar içində hərbçilərlə birlikdə dağılıb.

Yanvarın 23-də HƏMAS-ın əlində olan girovların onlarla ailə üzvü İsrail parlamentində komitə iclasına basqın edib. Onlar yaxınlarının buraxılması üçün sövdələşmə əldə olunmasını tələb ediblər.

Bu, İsrailin baş naziri Binyamin Netanyahuya təzyiqin artdığını göstərir. O israr edir ki, girovları evlərinə qaytarmağın yeganə yolu Qəzzada dağıdıcı əməliyyatları davam etdirməkdir.

Netanyahu ABŞ-ın postmüharibə həll yolunu rədd edir, Fələstin dövlətinin yaradılmasına icazə verməyəcəyini deyir.

İsrailli girovların qohumları baş nazir Binyamin Netanyahunun Qüdsdəki iqamətgahı qarşısında çadırlarla yolu bağlayırlar.

Çadırlar qurublar

Oktyabrın 7-də girov götürülmüş 240 nəfərin təxminən 130-u hələ də HƏMAS-ın nəzarətindədir. Onlardan bəzilərinin öldüyü təsdiqlənib. HƏMAS deyir ki, girovları müharibənin bitməsi, minlərlə fələstinli məhbusun buraxılması qarşılığında azad edə bilər.

Netanyahu belə razılaşmanı rədd edir, amma girovların ailələrinin qəzəbi də yüksəlir. Onlar Qüdsdə Netanyahunun iqamətgahı qarşısında çadır düşərgəsi salıblar, razılaşma əldə olunmayanacan getməyəcəklərini deyirlər.

İsrail Qəzzanın cənubunda Xan Yunis şəhərinə zərbələri gücləndirib. Həftələrdir döyüşlərin getdiyi bu şəhərdə adamlar "Əl-Nasir" xəstəxanasının həyətində ölənləri basdırırlar.

İsrailin əməliyyatları nəticəsində Qəzzada azı 25 min fələstinli öldürülüb, azı 60 min nəfər yaralanıb. Ancaq ölənlərin neçəsinin dinc sakin və döyüşçü olduğu açıqlanmır.