İsrail ordusu Qəzzanın şimalında işlək vəziyyətdə olan xəstəxanaların ikisinə basqın edərək işçilərini saxlayıb. Müdafiə naziri isə deyib ki, əsgərləri HƏMAS radikal silahlılarını tamamilə təmizləməyə çalışırlar.
ABŞ və Aİ HƏMAS-ı terrorçu təşkilat kimi tanıyır.
Dekabrın 19-da İsrail Qəzzanın cənubuna havadan zərbələr endirib, azı 45 fələstinlinin həyatına son qoyub. Müdafiə naziri Yoav Qallant xəbərdarlıq edib ki, Qəzzada əməliyyatlar aylarla çəkəcək.
Cənubda yerləşən Rəfah şəhərində xəstəxanada Mahmud Zorab sübh çağı evinə zərbədə həlak olmuş iki övladını - ikiyaşlı oğlunu və iki həftə öncə doğulmuş qızı ilə vidalaşır. AP xəbər verir ki, onun özü də hücumda yaralanıb. Uşağın nənəsi ikihəftəlik qızın heç adının qeydiyyata salınmadığını deyib.
Silahlıların "tam təmizlənməsi" gedir
Müdafiə naziri Qallantın sözlərinə görə, İsrail qüvvələri Qəzzanın şimalında HƏMAS-ın tunel şəbəkəsinə daxil olaraq silahlıları regiondan tam təmizləməyə çalışır. Qəzzanın şimalı sıx məskunlaşıb, Qəzza şəhəri də burada yerləşir. Son günlər qızışan döyüşlərdə, Fələstin səhiyyə rəsmilərinin sözlərinə görə, onlarla adam öldürülüb.
İsrail hərbçiləri isə şimalda xəstəxanalar və sığınacaqlarda reyd keçirərək silahlıları axtarır, bəzi adamları saxlayır, bu məkanlara sığınanları isə çıxarır.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin (Lloyd Austin) dekabrın 17-də İsrail rəsmiləri ilə görüşündə Təl-Əvivi dinc sakinləri qorumağa çağırıb. Amma o, həmçinin Amerikanın HƏMAS-a qarşı müharibədə İsraili dəstəklədiyini bir daha dilə gətirib.
AP yazır ki, Ostinin dedikləri ABŞ-ın İsraili atəşkəsə səsləyən beynəlxalq çağırışlardan qoruyacağı anlamına gəlir. Bu arada BMT-nin Təhlükəsizlik Şurası da atəşkəsə çağıran qətnaməni səsverməyə çıxarmağı təxirə salıb.