Qəzzadakı müharibəyə görə İsrailə təzyiq artır

İsrail hərbçiləri Qəza zolağında

Qəzzada dinc sakinlər arasında ölümlərin, dağılan xəstəxanaların sayının artması İsrailə beynəlxalq təzyiqi gücləndirib. İsrail ABŞ və Avropa İttifaqının terrorçu saydığı HƏMAS radikal qruplaşmasına qarşı müharibə aparır.

Bazar ertəsi - dekabrın 18-də BMT-nin Təhlükəsizlik Şurası Qəzzada əməliyyatların dərhal və davamlı şəkildə dayandırılmasına çağıran yeni qətnamə layihəsini səsverməyə çıxaracaq.

Fələstinin Qəzza anklavında müharibə HƏMAS-ın İsrailə 7 oktyabr hücumundan sonra başlayıb. Hücumda, əsasən, dinc sakinlər olmaqla min 200 nəfər öldürülüb, 250 nəfərə yaxın insan oğurlanıb. Sonradan humanitar atəşkəs zamanı onların bir qismi azad edilib.

HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyi isə İsrailin Qəzzada hərbi kampaniyasında, əsasən, qadınlar və uşaqlar olmaqla azı 18 min 800 nəfərin öldürüldüyünü bildirir.

Qəzzada humanitar vəziyyət

İki aydan çoxdur davam edən bombardman və döyüşlər nəticəsində Qəzza əhalisinin böyük hissəsi evindən didərgin düşüb, adamlar yanacaq ərzaq, su, dərman qıtlığı ilə üzləşib.

BMT müharibə nəticəsində 1.9 milyon qəzzalının, yəni əhalinin 80 faizinin evindən didərgin düşdüyünü açıqlayıb.

Qurum Qəzzadakı xəstəxanaların üçdə birindən də azının qismən çalışdığını bildirib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dekabrın 17-də İsrailin anklavın şimalında iki xəstəxananın fəaliyyətinə təsirini pisləyib.

İsrail ordusunun dediyinə görə, sərhəddə gözlənilməz hücum üçün fələstinli döyüşçüləri daşıyan maşınları boşaltmaq üçün HƏMAS tərəfindən layihələndirilən dəmir barmaqlıqlı tunel.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus deyib ki, qurum İsrail qüvvələrinin HƏMAS-a qarşı bir neçə gün əməliyyat apardığı Kamal Advan xəstəxanasından dağıntılardan "dəhşətə gəlib".

İsrail xəstəxanaya daxil olmazdan öncə içəridəki adamların çoxunun təhlükəsiz çıxarılması üçün danışıqlar apardığını bildirib.

ÜST "Əl-Şifa" xəstəxanasının reanimasiya şöbəsinin İsrailin bombardmanı nəticəsində "qan çanağı"na döndüyünü deyir.

Netanyahunun qətiyyəti

İsrailin baş naziri Binyamin Netanyahu isə dekabrın 17-də sonadək döyüşəcəklərinə and içib. O, məqsədin HƏMAS-ı məhv etmək, bütün girovları azad etmək, Qəzzanın bir daha terrorçuluq mərkəzinə çevrilməməsini təmin etmək olduğunu vurğulayıb.

İsrail ordusu Qəzzanın şimalında sərhəd keçidi, İsrailin Erez şəhəri yaxınlığında HƏMAS-ın ən böyük tunelini aşkarladığını bəyan edib. "France-Presse" agentliyinin müxbiri bu tuneldən kiçik maşınların keçə biləcəyini xəbər verir. İsrail bildirir ki, tunel milyonlarla dollara başa gəlib, tikintisi illərlə çəkib, içərisində dəmiryolu, elektrik, kanalizasiya, kommunikasiya şəbəkəsi var.

Bazar günü əməliyyatlarında İsrail ordusu beş hərbçisinin öldürüldüyünü açıqlayıb. Bununla da oktyabrın sonunda quru əməliyyatları başlanandan Qəzza zolağında həlak olan israilli hərbçilərin sayı 126-ya çatıb.