İsrail ordusu Qəzza sektorunda tunellər kompleksinə dəniz suyu vurmağa başlayıb. Bu tunellərdən ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşması istifadə edir. "The Wall Street Journal" yazır ki, İsrail bu haqda Birləşmiş Ştatları xəbərdar edib. Əməliyyatın bir neçə həftə çəkəcəyi deyilir.
Vaşinqton hesab edir ki, tunellərə su vurulması onları, HƏMAS-ın infrastrukturunu dağıdacaq. Cihadçılar tunellərdə silah-sursat gizlədirlər.
Qəzetin yazdığına görə, bəzi amerikalı məmurlar dəniz suyunun vurulmasının Qəzza sektorunun içməli su ilə təchizatına təhlükə yaradacağından, torpağı təhlükəli maddələrlə çirkləndirə biləcəyindən narahatdırlar.
500 km-lik tunel
İsrail ordusu informasiyanı şərh etməyib. WSJ qeyd edir ki, noyabrın ortasında İsrail hərbçiləri əş-Şati qaçqın düşərgəsindən təxminən 1.5 kilometr şimalda azı beş nasos quraşdırıb. İsrailin "The Jerusalem Post" qəzeti tunellərə su vurulmasının hələ onda başladığını yazıb.
Ordu dekabrın 4-də bildirib ki, Qəzza sektorunda azı 800 tunel aşkarlanıb, onlardan 500-ü dağıdılıb, bu zaman partladıcılardan da istifadə olunub.
İsrail hərbçiləri tunellərin məktəblər, idman mərkəzləri, məscidlər, xəstəxanaların altından keçdiyini bildirir. Bu sistem barədə dəqiq bilgi yoxdur. Ordu onun 500 km uzunluğunda, 35 metr dərinliyində salındığını bildirir, amma bunları dəqiqləşdirmək mümkün deyil.
Qəzza zolağında tunel
HƏMAS illərdir yeraltı yollardan hərbi məqsədlər üçün istifadə edir. Oktyabrın 7-də İsrailə hücum zamanı da buna əl atdıqları bildirilir. Həmin hücumda İsraildə min 200 nəfər öldürülüb, azı 240 nəfər girov götürülüb. Bir həftəlik humanitar atəşkəs zamanı girovlardan azı 100 nəfəri azad olunub.
İsrailin Qəzzada başladığı cavab əməliyyatında isə azı 18 min nəfərin öldürüldüyü, onların çoxunun qadınlar və uşaqlar olduğu deyilir.
Diplomatik təzyiq
Bu arada İsrailə diplomatik təzyiq artır. BMT Qəzzada dərhal humanitar atəşkəs tələb edib. ABŞ prezidenti Co Bayden (Joe Biden) deyib ki, dinc sakinlərin fərq qoymadan bombalanması beynəlxalq dəstəyə ziyan vurur.
BMT Baş Assambleyası dekabrın 12-də atəşkəsə çağıran qətnamə layihəsini qəbul edib. ABŞ və İsrail atəşkəsin yalnız HƏMAS-ın xeyrinə olduğunu deyir. Onlar daha səkkiz ölkə ilə birlikdə qətnamənin əleyhinə səs verib.
Qətnamənin qəbulundan öncə Bayden deyib ki, hazırda dünyanın böyük hissəsi, o cümlədən ABŞ və Avropa İttifaqı İsraili HƏMAS-a qarşı müharibədə dəstəkləyir.
"Ancaq onlar fərq qoymadan bombalamaqla dəstəyi itirməyə başlayırlar", - o, Vaşinqtonda seçki kampaniyası tədbirində söyləyib.
Ağ evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan (Jake Sullivan) bu həftə İsrailə, müdafiə naziri Lloyd Ostin (Lloyd Austin) isə gələn həftə Yaxın Şərqə səfər edəcək.