İsraillə HƏMAS radikal qruplaşmasının elan etdiyi müvəqqəti atəşkəs beşinci gündür davam edir. ABŞ və Aİ-nin terrorçu saydığı qruplaşma döyüşlərin yenidən başlanmasını yubatmaqdan ötrü daha çox dinc sakini azad etməyə boyun olub. İsrail isə döyüş zamanı dinc fələstinlilərə aman verməsi üçün təzyiq altındadır.
Tərəflər atəşkəsi çərşənbə günü – noyabrın 29-dək uzatmağa razılaşıblar. HƏMAS-ın girov götürdüyü şəxslərlə İsrail həbsxanalarında olan fələstinlilərin daha iki mübadiləsi gözlənilir.
ABŞ dövlət katibi Antoni Blinken (Antony Blinken) bu həftənin sonunda regiona müharibə başlayandan üçüncü dəfə səfər edəcək. Onun atəşkəsin uzadılması, daha çox girovun buraxılmasına çalışacağı gözlənilir. Dövlət Departamentinin məlumatına görə, Blinken həmçinin İsrailin Qəzzada əməliyyatları zamanı dinc sakinlərin qorunmasına yönəlik cəhdləri müzakirə edəcək.
İsrail HƏMAS-ı məhv edəcəyini deyir
HƏMAS-ın oktyabrın 7-də İsrailə hücum zamanı 240 nəfəri girov götürdüyü bildirilirdi, onların 160 nəfəri hələ də buraxılmayıb. Bu isə atəşkəsə daha iki həftəyə uzatmağa imkan verir. Amma HƏMAS-ın İsrailin əlində olan əsgərlərin buraxılması üçün daha böyük tələblər irəli sürəcəyi gözlənilir.
İstənilən halda, İsrail atəşkəs bitəndən sonra HƏMAS-ın darmadağın olunmasından ötrü müharibəni davam etdirəcəyini deyir.
HƏMAS-ın hücumu nəticəsində min 200 israilli öldürülüb. Bundan sonra İsrail Qəzza zolağını bombalamağa başlayıb. Azı 13 min fələstinlinin həlak olduğu bildirilir. Ancaq onların nə qədərinin dinc sakin, yaxud silahlı olduğu açıqlanmır.
İsrail HƏMAS-ın Qəzzada 16 ildir davam edən idarəçiliyinə son qoyacağını, onun hərbi gücünü məhv edəcəyini bildirir. Bundan ötrü Qəzzanın şimalında gedən quru əməliyyatının cənuba genişləndirilməsi tələb olunur. Şimalda bütöv yaşayış sahələri yerlə yeksan edilib.
Ötən həftədən qüvvəyə minən atəşkəs çərçivəsində 51 israilli və 19 digər millətlərdən olan girov azad edilib. İsrail həbsxanalarından isə 150 fələstinli buraxılıb. İsrail hər 10 əlavə girovun buraxılması üçün atəşkəsi bir gün uzatmağa razılaşıb.