'Haaretz': Netanyahu Knessetin 'erməni soyqırımı'nı rəsmən tanımasının qarşısını alıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Balans pozuldu: İsrailin 'soyqırımı' qərarı Əliyevi çətin seçim qarşısında qoyur

İsrailin baş naziri Binyamin Netanyahu Knessetdə "erməni soyqırımı"nın rəsmi tanınması ilə bağlı səsvermənin keçirilməsinin qarşısını alıb. İsrailin "Haaretz" qəzeti israilli mənbəyə istinadla yazır ki, bu, Azərbaycanın yüksəkvəzifəli rəsmisinin müraciətindən sonra mümkün olub.

İsrail hökuməti ötən ay "erməni soyqırımı"nın tanınmasını təsdiqləmişdi. Qərarın parlamentdə səsverməyə çıxarılması nəzərdə tutulsa da, bu, indiyədək baş verməyib.

İsrailli mənbənin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev İsrailin baş nazir aparatı ilə əlaqə saxlayandan sonra belə qərar verilib.

Xarici İşlər Nazirliyi Netanyahunun səsvermənin qarşısını aldığını təkzib etsə də, alternativ izah da verməyib.

"Bu, hökumətin qərarıdır və yekdilliklə təsdiqlənib. Buna dəyişiklik edilməyəcək və vacib, tarixi fakt da məhz budur", – qurum bildirib.

"Haaretz" Netanyahunun aparatı və H.Hacıyevdən əlavə şərh ala bilməyib.

İsrail hökumətinin yekdilliklə qəbul etdiyi qərarda İsrailin Osmanlı imperiyasının son dövründə baş verdiyi iddia olunan "erməni soyqırımı"nı tanıması, həmçinin onun inkarı, kiçildilməsi və ya təhrifi cəhdlərini pisləməsi nəzərdə tutulurdu.

Son illər Bakı İsrailin ən vacib regional tərəfdaşlarından biri sayılır.

2020-ci ildəki 44 günlük Ermənistan-Azərbaycan müharibəsi zamanı İsrail Azərbaycanı silahla təmin edib.

Azərbaycan Xarici İşlər Nazirliyi ötən ay "erməni soyqırımı"nın tanınmasını pisləyib, bunu "1915-ci il hadisələri ilə bağlı tarixi faktların təhrif edilməsi" adlandırıb.

Bakı qeyd edib ki, bu addım barışığa deyil, fikir ayrılıqlarının daha da dərinləşməsinə xidmət edəcək. Nazirlik İsrail hökumətini həmin qərarı yenidən nəzərdən keçirməyə çağırıb.

Erməni tarixçilər 1915-ci il aprelin 24-də kütləvi həbslərin başlandığını və sonrakı dövrdə 1.5 milyon erməninin qətlə yetirildiyini və ya sürgün zamanı həlak olduğunu iddia edirlər. İndiyədək 30-a yaxın ölkənin parlamenti bu hadisələri rəsmən tanıyıb. Bunların arasında Rusiya, Fransa, Almaniya və ABŞ də var.

Türkiyə tərəfi 1915-ci ildə erməni əhalisi arasında faciəvi hadisələrin yaşandığını inkar etmir, ancaq "soyqırımı" ifadəsini rədd edir və ölənlərin sayının olduğundan çox göstərildiyini bildirir.

29 iyun

Paşinyan İsrailin 'soyqırımı' qərarına reaksiya verməyi lazım bilmədi

Ermənistan baş naziri Nikol Paşinyan İsrail hökumətinin 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanımasına münasibət bildirməyi məqsədəuyğun saymır.

"İsrailin bu qərarına reaksiya verməyə ehtiyac duymuruq. Çünki bu məsələnin siyasi silaha çevrilməsi Ermənistanın maraqlarına uyğun deyil. Qısası, hər hansı reaksiyaya ehtiyac yoxdur", – Paşinyan jurnalistlərə bildirib.

İsrail xarici işlər naziri Gideon Saar

28 iyun

İsrail 'erməni soyqırımı'nı rəsmən tanıyıb

İsrail hökuməti xarici işlər naziri Gideon Saarın 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin qətlə yetirilməsinin "erməni soyqırımı" kimi rəsmi tanınması təklifini qəbul edib.

Nazir Saar bildirib: "Fikrimcə, bu, bir yəhudi olaraq və təbii ki, yəhudi xalqının dövləti kimi bizim mənəvi borcumuzdur. Doğru olanı etmək heç vaxt gec deyil". O, hələ iyunun 25-də bu məsələni Nazirlər Kabinetinin müzakirəsinə çıxaracağını açıqlamışdı. Qərar layihəsində İsrailin bu iddiaları tanıdığı və tarixi həqiqətin inkarı və ya təhrif edilməsi cəhdlərini pislədiyi vurğulanır.

Erməni tarixçilər 1915-ci il aprelin 24-də kütləvi həbslərin başlandığını və sonrakı dövrdə 1.5 milyon erməninin qətlə yetirildiyini və ya sürgün zamanı həlak olduğunu iddia edirlər. Bu hadisələr indiyədək 30-a yaxın ölkənin parlamenti tərəfindən rəsmi tanınıb. Bunların arasında Rusiya, Fransa, Almaniya və ABŞ də var.

Türkiyə tərəfi 1915-ci ildə erməni əhalisi arasında faciəvi hadisələrin yaşandığını inkar etmir, ancaq "soyqırımı" ifadəsini rədd edir və ölənlərin sayının olduğundan çox göstərildiyini bildirir.