İsrail 'Avroviziya-2026'da iştirak edəcək

Bazel şəhərində "Avroviziya-2025"

İsrail 2026-cı ildə "Avroviziya" müsabiqəsinə qatılacaq. Bu açıqlamadan sonra Niderland, İspaniya, İrlandiya və Sloveniya müsabiqədə iştirakdan imtina ediblər.

Bəzi ölkələr İsrailin iştirakına icazə veriləcəyi halda tədbiri boykot edəcəklərini demişdilər. Onlar İsraili müsabiqənin neytrallıq qaydalarını pozmaqda ittiham edirdilər. Etirazçılar Qəzza müharibəsində həlak olanların sayına da istinad edirlər.

"Avroviziya"nın əsas sponsorlarından biri Almaniya isə bildirmişdi ki, İsrail müsabiqəyə buraxılmasa, o da iştirak etməyəcək.

Dekabrın 4-də "Avroviziya" təşkilatçıları Avropa Yayım Birliyinin (EBU) Cenevrə qərargahında hökumətlərin müsabiqəyə təsirini önləməyi hədəfləyən yeni qaydaların müzakirəsinə yığışıblar. Daha öncə İsrail bu il ölkəni təmsil edən müğənni Yuval Rafaelə aşırı dəstəyinə görə də ittiham edilib.

EBU üzvlərin yeni qaydaları dəstəklədiyini bildirib. Bu səbəbdən vurğulanıb ki, "Avroviziya-2026" müsabiqəsinə qatılmaq istəyən, yeni qaydalara əməl etməyə razı bütün EBU üzvlərinin iştirak hüququ var.

Təşkilat qeyd edib ki, EBU üzvləri yeni qaydaları razılaşdırmasaydılar, İsrailin iştirak məsələsi üzrə səsvermə keçirmək olardı. Belə olan halda, ölkənin müsabiqədən kənarlaşdırılması üçün mütləq səs çoxluğu tələb olunacaqdı.

Bu il Bazeldə keçirilən "Avroviziya"nı 37 ölkədən 166 milyon tamaşaçı izləyib. İsrail nümayəndəsinin müsabiqədə iştirakı isə Malmö və Bazeldə etirazlara səbəb olub.

  • 2023-cü ilin oktyabrında Fələstinin radikal HƏMAS qruplaşması İsrailə hücumundan sonra Qəzzada müharibə başlayıb. İsrailə hücumda 1200 nəfər öldürülüb. İsrailin bundan sonra Qəzzada başlatdığı əməliyyatlarda azı 67 min fələstinli qətlə yetirilib. Bu ilin oktyabrında ABŞ-nin vasitəçiliyi ilə əldə olunan Qəzza razılaşmasına əsasən, HƏMAS əsir götürdüyü israilli girovlardan sağ qalanları buraxıb, öldürülən girovların isə meyitlərini təhvil verməyə başlayıb.
  • Noyabrın 17-də BMT Təhlükəsizlik Şurası Qəzzada sülhün qurulmasına dair qətnaməni təsdiqləyib. Bu sənədin əsas müddəaları ABŞ prezidenti Donald Trampın bu regionda sülh planına əsaslanır. Sənəddə bir neçə ərəb ölkəsinin hərbçilərindən ibarət Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yaradılması, ərazini müvəqqəti idarə olunması üçün Trampın rəhbərliyi ilə Sülh Şurasının qurulması nəzərdə tutulur. Qətnamədə eləcə də bir neçə ilkin şərt yerinə yetirilərsə, Fələstin dövlətinin yaradılması ehtimalından da söz açılır.