Həbsdə olan həmkarlar işçisi saxlanma şəraitindən narazıdır

Ayxan İsrafilov

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə heyətinin həbsdə olan üzvü Ayxan İsrafilovun saxlanılma şəraitindən narazı olduğu bildirilir.

Bu barədə onun ailə üzvləri məlumat veriblər.

Onların sözlərinə görə, A.İsrafilov Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında 10 nəfər üçün nəzərdə tutulmuş kamerada 16 nəfərlə birgə saxlanılır.

Ayxan İsrafilovun ailə üzvləri qeyd ediblər ki, onun səhhətində problemlər var:

"Ayxan 3-cü qrup əlildir, ayağında problem var. Hələ azadlıqda olarkən həkim ona tez-tez gəzişmək lazım olduğunu deyib, amma hazırda saxlanıldığı şəraitdə buna imkan yoxdur və bu Ayxanın səhhətində əlavə problemlər yaradır".

Onların sözlərinə görə, onu 1 saylı Bakı İstintaq Təcridxanaslna köçürülməsi ilə bağlı aidiyyatı qurumlara müraciət etsələr də, cavab almayıblar.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən isə “Turan”a bildirilib ki, məsələ araşdırılacaq və bununla bağlı məlumat veriləcək.

A.İsrafilov Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham olunur. Bu maddədə 3 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.O, ittihamı qəbul etmir.

Buna da bax:

ATƏT DTİHB: '...Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib'

Xatırlatma

Ötən il avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı etiraz aksiyası keçirib. Onlar kuryerliklə məşğul olan şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz ediblər.

Elə həmin gün bu konfederasiyasın sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamıyla 30 sutka inzibati həbs cəzası verilib. O, inzibati həbsdən buraxılandan az sonra yenidən saxlanıb. Bu dəfə onun haqqında cinayət işi başlanıb və hazırda da həbsdədir.

Bunun ardından, avqustun 4-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev narkotik ittihamıyla həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində onun da mühakiməsi davam edir.Elvin Mustafayevdən bir neçə gün sonra isə Ayxan İsrafilov həbs edilib.

Adları çəkilən ictimai fəalların hamısı ittihamların saxta olduğunu, işçilərin hüquqlarını müdafiə etdiklərinə, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini deyir.

Hökumət rəsmiləri də ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını iddia edirlər.