İspaniyada iki qatar toqquşub, onlarla insan həlak olub

İspaniyada qatar qəzası

Oktyabrın 28-də İspaniyanın Toledo şəhəri yaxınlığında iki sürət qatarı toqquşub, azı 64 nəfər həlak olub.

Faciə Madrid-Əndəlüs yüksəksürətli dəmir yolu xəttinin Urda şəhərindən keçən hissəsində qeydə alınıb. Bu, son bir ildən də az müddətdə həmin xətdə baş verən ikinci ölümcül qəzadır.

Belə ki, bu il yanvarın 18-də ölkənin cənubunda – Kordova vilayətinin Adamus şəhəri yaxınlığında relsdən çıxan sürət qatarı qarşıdan gələn digər qatarla toqquşmuşdu. Həmin vaxt 46 nəfər həlak olmuş, 120-dən çox insan isə xəsarətlər almışdı. Hazırda hadisə ilə bağlı istintaq aparılır. İlkin hesabatda qəzaya əsas səbəb kimi dəmir yolu xəttindəki və relslərdəki qüsurlar göstərilib.

Ümumiyyətlə, İspaniyada əvvəllər də böyük itkilərlə nəticələnən qatar qəzaları qeydə alınıb. Məsələn, 2013-cü ilin yayında ölkənin şimal-qərbində yerləşən Santyaqo-de-Kompostela şəhəri yaxınlığında səkkiz vaqonlu sürət qatarı kəskin döngədə relsdən çıxaraq beton divara çırpılmış və alışmışdı. O vaxt 80 nəfər həlak olmuş, 145 nəfər yaralanmışdı.

2004-cü il martın 11-də isə Madridin şəhərətrafı "Cercanias" dəmir yolu şəbəkəsinə aid dörd qatarda çantalara yerləşdirilmiş 10 bomba partladılıb. Bu terror aktı nəticəsində 193 nəfər həlak olub, minlərlə insan yaralanıb. Hücumları İspaniyanın İraq müharibəsində iştirakına etiraz edən radikal islamçılar törədiblər.